Ötən il dövlət satınalmalarında şəffaflıqla bağlı böhran dərinləşib
Dövlət satınalmaları ən çox ictimai vəsaitin xərcləndiyi sahələrdən biridir. Dövlət büdcəsindən milyardlarla manat vəsait bu satınalmalar vasitəsilə infrastruktur layihələrinə, sosial proqramlara, təchizat və xidmətlərin alınmasına yönəldilir. Buna görə də bu sahədə ictimai nəzarətin gücləndirilməsi və şəffaflığın təmin edilməsi vacib məsələdir.
Uzun illərdir ki, eyni şəxslərə bağlı şirkətlərin müxtəlif adlarla tenderlərdə iştirakı, qiymətlərin süni şəkildə şişirdilməsi, müsabiqələrdə qalib gələn şirkətlərin dövlət qurumları ilə gizli əlaqələri, xərclərin eyni mənbədən yönləndirilməsi və digər bu kimi hallar mediada daim yer alır.
Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, satınalma elanları və prosesləri əsasən vahid internet portalı (“etender.gov.az”) üzərindən həyata keçirilməlidir. Lakin Hesablama Palatasının 2024-cü ilə dair büdcə rəyi göstərir ki, hazırda ümumi satınalmaların yalnız 50 faizi elektron portal üzərindən aparılır. Məbləğ baxımından bu göstərici 55,2 faiz təşkil edir. Maraqlıdır ki, 2023-cü ildə bu göstəricilər müvafiq olaraq say üzrə 58 faiz, məbləğ üzrə isə cəmi 22 faiz olub. Bu fakt onu göstərir ki, satınalmalar üzrə məlumatların açıqlığında geriləmə müşahidə edilir. Belə ki, say göstəricisində azalma baş verdiyi halda, məbləğ üzrə artım müşahidə olunması bir satınalmanın dəyərinin xeyli yüksəldiyini göstərir.
Nəticədə büdcədən xərclənən milyardlarla vəsaitin hansı layihələrə yönəldiyi və bu layihələrin hansı şirkətlər tərəfindən icra olunduğu qeyri-müəyyən qalır.
Mövcud elanların əksəriyyətində isə ətraflı texniki şərtlər, iştirakçıların siyahısı və keyfiyyət standartları barədə məlumat yetərli deyil. Ekspertlərin fikrincə, bir çox elanlar formal xarakter daşıyır. Əslində tenderin qalibi əvvəlcədən bəlli olur, digər şirkətlər isə sadəcə fon yaradır.
Tenderlərin payı azalır, rəqabətsiz mexanizmlər güclənir
Hesablama Palatasının rəyinə əsasən, 2024-cü ildə 9 milyard 845 milyon manatlıq satınalma əməliyyatı həyata keçirilib. Müqayisə üçün, 2023-cü ildə bu rəqəm 7 milyard 546 milyon manat, 2022-ci ildə isə 6 milyard 779 milyon manat təşkil edib. Ümumi satınalma prosedurlarının sayı 2024-cü ildə 19602 olub ki, bu da 2023-cü illə müqayisədə 57 faiz, 2022-ci illə müqayisədə isə 62 faiz artım deməkdir. Bu artım, əsasən, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı investisiya layihələri ilə bağlıdır.
Lakin satınalmaların sayı və məbləği artdıqca şəffaflıq problemləri də dərinləşir. Xüsusilə, azad olunmuş ərazilərdə icra olunan layihələrin maliyyələşməsi və satınalma mexanizmləri ilə bağlı tam şəffaflıq təmin olunmur.
Qanunvericiliyə görə, satınalmalar açıq tender, qapalı tender, kotirovka sorğusu və bir mənbədən satınalma üsulları ilə həyata keçirilə bilər. Təəssüf ki, nisbətən şəffaflığın təmin olunduğu açıq tenderlərin payında 2024-cü ildə azalma müşahidə olunur.
Ekspertlərin fikrincə, əgər dövlət satınalmalarının üçdə biri rəqabətsiz şəkildə həyata keçirilirsə, bu, korrupsiya risklərini artırır və qiymətlərin süni şişirdilməsinə zəmin yaradır. Nəticədə büdcə vəsaitlərinin qənaətli istifadəsi prinsipi pozulur.
Hesablama Palatasının məlumatına görə, 2024-cü ildə baş tutmuş satınalmaların 50,1 faizi say baxımından tender əsasında həyata keçirilib. Lakin məbləğ göstəricilərinə görə, bir mənbədən satınalmaların payı kəskin artaraq 54,4 faizə çatıb. Müqayisə üçün, 2023-cü ildə ümumi satınalma məbləğinin yalnız 37,8 faizi bir mənbədən həyata keçirilib.
Bir mənbədən satınalmaların sayı 2023-cü ildə 4665 olduğu halda, 2024-cü ildə bu rəqəm 9781-ə yüksəlib. Məbləğ baxımından isə 2023-cü ildə 2 milyard 855 milyon manat təşkil edən satınalmalar 2024-cü ildə 5 milyard 355 milyon manata çatıb.
Ümumi satınalmalarda tenderlərin payı isə 2024-cü ildə əvvəlki illə müqayisədə 16,6 faiz bəndi azalaraq məbləğ baxımından 45,6 faiz olub. Bu göstəricilərdən aydın görünür ki, 2024-cü ildə bir mənbədən satınalmalar həm say, həm də məbləğ baxımından iki dəfəyə yaxın artıb ki, bu da şəffaflıqla bağlı ciddi xəbərdarlıq siqnalıdır.
İqtisadçı-ekspert Togrul Vəliyev Meydan TV-yə açıqlamasında bildirib ki, son zamanlar bir mənbədən satınalmaların artım tendensiyası açıq şəkildə müşahidə olunur və rəsmi məlumatlarla da təsdiqlənir:
İqtisadçının apardığı araşdırmalara görə, 2016–2020-ci illərdə müsabiqə əsaslı (tender) satınalmaların sayı ümumi payda 82–88,8 faiz arasında dəyişib. Lakin 2021-ci ildən etibarən bu göstəricidə azalma tendensiyası müşahidə olunur.
T. Vəliyevin fikrincə, müəyyən dövrdə bir mənbədən satınalmaların azalması müşahidə olunub:
“Bu, həm dövlət xərclərinin müəyyən istiqamətlərə yönəldilməsi, xüsusilə Qarabağdakı layihələrə ayrılan vəsaitlərlə bağlı, həm də satınalmaların vahid elektron portal üzərindən keçirilməsi ilə əlaqəli ola bilərdi. Amma indiki halda görürük ki, hətta bir müqavilənin dəyəri ciddi şəkildə artıb, eyni zamanda bir mənbədən satınalmaların da sayı yüksəlib”.
Satınalmalarda “təcili tələbat” və “tək təchizatçı” bəhanələri genişlənib
Hesablama Palatasının mütəxəssislərinin rəyinə görə, bir mənbədən satınalma metodunun geniş tətbiqi əsasən iki səbəblə izah olunur: təcili tələbat (63,8%) və konkret təchizatçının unikal mövqeyi (42,6%).
Rəydə göstərilir ki, təcili tələbatın yaranma səbəblərinə nəqliyyat vasitələrinin alınması, yemək təminatı xidmətlərinin göstərilməsi, uzunmüddətli yenidənqurma və tikinti işlərinin aparılması, geyim dəstlərinin alınması və digər bu kimi hallar daxildir. Bundan əlavə, əvvəlcədən dəqiq tarixləri müəyyənləşdirilmiş tədbirlərin təşkili və həmin tədbirlərlə bağlı xidmətlərin göstərilməsi də çox vaxt təcili tələbat arqumenti əsasında bir mənbədən satınalma yolu ilə həyata keçirilib.
Bundan başqa, say baxımından üstünlük təşkil edən digər əsas səbəb isə satınalma predmetinin yalnız konkret bir təchizatçıda mövcudluğu və onun bu məhsul üzərində xüsusi hüquqlara malik olmasıdır. Təhlillər göstərir ki, bəzi hallarda ölkə bazarında rəqabət mövcud olsa da, “tək təchizatçı” əsası ilə bu metodun tətbiqinə icazə verildiyi hallar müşahidə olunub.
Daha da sadələşdirsək, bazarda inhisarçılıq, monopoliya, rəqabət qabiliyyətinin olmaması satınalmalarda “tək təchizatçı” effetki verir. Belə vəziyyət sahibkarların satınalmalarda iştirak imkanlarının məhdud olduğunu, dövlət vəsaitlərinin isə çox vaxt monopolist şirkətlərin qeyri-şəffaf icrasında istifadə edildiyini ortaya qoyur.
Toğrul Vəliyev bildirir ki, bir mənbədən satınalmaların artması şəffaflığa ciddi təsir göstərir:
“Şəffaflığa mənfi təsir edən hər bir amil korrupsiya ilə bağlı şübhələr yaradır. Biz tez-tez müşahidə edirik ki, Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin məhkəməyə göndərdiyi işlərin əksəriyyətində məhz bir mənbədən satınalmalarla bağlı hallar üstünlük təşkil edir”.
Ekspertin sözlərinə görə, bu vəziyyət ölkədə sahibkarlığın inkişafına və onların dövlət satınalmalarında iştirak imkanlarına mənfi təsir göstərir:
“Onsuz da sahibkarların dövlət satınalmalarında iştirakı kifayət qədər məhduddur. Hətta tenderlər vasitəsilə həyata keçirilən satınalmalarda belə, daim eyni şirkətlər qalib gəlir. Burada daha çox inhisarçı və iri şirkətlər, yaxud da dövlət qurumları ilə sıx bağlı olan şirkətlər üstünlük qazanır. Biz görürük ki, illərlə eyni dövlət qurumu eyni şirkətlə işləyir və bu dəyişmir. Belə olan halda, satınalmanın bir mənbədən olub-olmamasının ciddi rolu qalmır.”
İlin son rübünə sıxışdırılan satınalmalar korrupsiya “yem”inə çevrilir
Digər ciddi problemlərdən biri dövlət satınalmalarının əksər hissəsinin ilin son rübündə həyata keçirilməsidir. Bu hal korrupsiya risklərini artırır. Normal şəraitdə satınalmalar il ərzində bərabər şəkildə bölüşdürülməli, layihələr planlı və ardıcıl qaydada icra olunmalıdır.
Hesablama Palatasının mütəxəssis rəyinə görə, 2024-cü ildə satınalmaların cəmi 30,9 faizi ilin birinci yarısında, 69,1 faizi isə ikinci yarısında həyata keçirilib. Məbləğ baxımından göstəricilər müvafiq olaraq 38 faiz və 62 faiz təşkil edib. Ən böyük intensivlik isə ilin dördüncü rübündə müşahidə olunub.
Rəydə satınalmaların ilin sonunda kütləvi şəkildə baş tutması, əsasən, satınalan təşkilatlar tərəfindən planlaşdırma işinin düzgün aparılmaması, yeni qanunun tətbiqi ilə bağlı qurumların kifayət qədər səriştəyə malik olmaması, bəzi mal və xidmətlərin təchizatı ilə məşğul olan podratçıların sayının azlığı, həmin podratçıların satınalmalarda iştirak etməməsi, müvafiq bazarın hələ tam formalaşmaması ilə izah edilir.
Son rüblərdə birdən-birə yüzlərlə tender elan olunması real rəqabətin qarşısını alan əsas amillərdəndir. Belə hallarda, ənənəvi olaraq, öncədən seçilmiş şirkətlər qısa müddətdə qalib elan edilir. Bundan başqa, müqavilələrin ilin sonunda bağlanması layihələrin faktiki icrasını çətinləşdirir və çox vaxt öhdəliklər kağız üzərində yerinə yetirilmiş kimi göstərilir.
Ümumilikdə, dövlət satınalmalarının ilin sonuna sıxışdırılması həm dövlət vəsaitlərinin səmərəsiz xərclənməsinə, həm də şəffaflıq və hesabatlılıq prinsiplərinin pozulmasına səbəb olur.