Sosial şəbəkədə biz:
20 min şagird hara yox olub?
Xəbər Şəkli

20 min şagird hara yox olub?

03 June 2026, 08:15
Cəmiyyət

Azərbaycanda ötən il 20 min şagird 11-ci sinfi bitirməyib.

2024-2025-ci tədris ili ərzində təhsildən yayınan 340 uşaq yenidən təhsil sisteminə cəlb olunub. 

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova açıqlamasında bildirib. Onun sözlərinə görə, ölkə üzrə 16 yeni təhsil müəssisəsi inşa edilib, 8 məktəbdə əsaslı təmir və əlavə korpusların tikintisi həyata keçirilib: 

“Hazırda respublika üzrə ümumi təhsil müəssisələrində 1 milyon 682 min 134 şagird təhsil alır, 138 min 332 müəllim fəaliyyət göstərir”. Komitə sədri əlavə edib ki, ümumi orta təhsil səviyyəsini başa vuran 156 min 618 şagirddən 135 min 695 nəfəri və ya 86,6 faizi tam orta təhsilə cəlb olunub. 

Ötən il 20 min şagirdin 11-ci sinfi bitirməməsi gənclərin peşə təhsilinə yönəlməsi ilə bağlıdır, yoxsa ümumiyyətlə, təhsildən yayınmasının göstəricisidir? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, bu nəticə Azərbaycanda ümumtəhsil məktəblərini bitirmək üçün tədrisdə qiymətləndirmə ilə bağlı ola bilməz: 

“Sadəcə kimlər “qaib” limitini aşıblarsa, bu halda onlara nümunəvi attestatın verilməsindən imtina olunur. Ancaq qalan hallarda şagird dərsə gəlirsə, “2” qiymət alsa belə, attestatla təmin olunacaq. 

Yəni ümumtəhsil məktəbini bitirmiş sayıla bilir. Görünür ki, 20 min şagird ya yexniki peşə məktəblərini seçiblər, ya da “qaib”limitini aşıblar ki, məzun ola bilməyiblər”.