Sosial şəbəkədə biz:
Azərbaycanda nəslvermə əmsalı ən aşağı səviyyəyə düşüb
Xəbər Şəkli

Azərbaycanda nəslvermə əmsalı ən aşağı səviyyəyə düşüb

19 May 2026, 15:43
Cəmiyyət

1960-cı illərdə dünyada qadın başına düşən orta doğum sayı – nəsilvermə əmsalı 5 olduğu halda, 2024-cü ildə bu göstərici 2,2-yə qədər geriləyib.
Yeniavaz.com “Visual Capitalist”in araşdırmasına istinadən xəbər verir ki, dünya əhalisinin təxminən 71%-i nəslvermə əmsalının 2,1-dən aşağı olduğu ölkələrdə yaşayır. Ekspertlərin fikrincə, bu hədd “əvəzetmə səviyyəsi” hesab olunur və əhalinin sabit qalması üçün vacibdir. Uzun müddət bu göstəricidən aşağı səviyyədə qalmaq əhalinin qocalmasına, işçi qüvvəsinin azalmasına və iqtisadi inkişafın zəifləməsinə səbəb ola bilər.
Mütəxəssislər doğum səviyyəsinin azalmasını bir sıra sosial-iqtisadi amillərlə əlaqələndirirlər. Artan yaşayış xərcləri, mənzil və təhsil qiymətlərinin yüksəlməsi, karyera ilə şəxsi həyat arasında balansın çətinləşməsi, iqtisadi qeyri-müəyyənlik və dəyişən ailə modelləri əsas səbəblər sırasında göstərilir. Bu baxımdan, doğum qərarlarının yalnız şəxsi seçim deyil, həm də sosial mühitin təsiri altında formalaşdığı vurğulanır.
Bunun əksinə olaraq, Afrika və Asiyanın bəzi regionlarında yüksək doğum göstəriciləri müşahidə olunur. Erkən nikahlar, ailə planlaşdırma xidmətlərinə məhdud çıxış, aşağı təhsil səviyyəsi və böyük ailələrin sosial dəyər hesab edilməsi bu tendensiyanı şərtləndirən əsas amillər kimi qeyd olunur.
Qlobal demoqrafik dəyişikliklərin mərkəzində dünyanın ən çox əhalisi olan iki ölkəsi – Hindistan və Çin dayanır. Hindistanda nəslvermə əmsalı 1,94, Çində isə 1,02 səviyyəsindədir. Çində doğum göstəricisinin aşağı düşməsi əsasən 1980–2015-ci illərdə tətbiq olunan “bir uşaq siyasəti” ilə əlaqələndirilir. Hökumətin sonrakı stimullaşdırıcı addımlarına baxmayaraq, əvvəlki doğum səviyyələrinin tam bərpası real görünmür.
Maraqlıdır ki, dünyanın ən çox əhalisi olan 10 ölkəsindən altısında nəslvermə əmsalı əvəzetmə həddindən aşağıdır. ABŞ, İndoneziya, Braziliya və Rusiyada da Çin və Hindistana bənzər tendensiya müşahidə olunur. Bununla belə, Pakistan (3,50), Nigeriya (4,30) və Efiopiya (3,81) kimi ölkələrdə yüksək doğum göstəriciləri qalmaqdadır. Ekspertlər hesab edirlər ki, 2100-cü ilə qədər dünya əhalisinin əsas artımı Saharaaltı Afrika və Cənubi Asiyanın müəyyən hissələrində cəmləşəcək. BMT proqnozlarına görə, Nigeriya 2050-ci ilə qədər əhali sayına görə ABŞ-ni geridə qoya bilər.
2025-ci il üzrə ən yüksək nəslvermə əmsalına malik ölkə Çad olub. Bu ölkədə qadın başına orta doğum sayı 5,94 təşkil edir. Sonrakı yerlərdə Somali (5,91) və Konqo Demokratik Respublikası (5,90) qərarlaşıb.
Ən aşağı doğum göstəriciləri isə Makao (0,69), Honq Konq (0,74) və Cənubi Koreyada (0,75) qeydə alınıb.
Reytinqdə Azərbaycan da yer alıb. Ölkənin əhalisi 10,4 milyon, nəslvermə əmsalının isə 1,66 olaraq göstərilir ki, bu da sabit əhali artımı üçün tələb olunan həddən aşağıdır. 
“Visual Capitalist”in reytinq siyahısında keçmiş SSRİ və region ölkələrində nəslvermə əmsalı aşağıdakı kimi olub:
Özbəkistan – 3,5
Tacikistan –2,99
Qazaxıstan – 2,95
Qırğızıstan – 2,75
Türkmənistan – 2,63
Gürcüstan – 1,79
Moldova – 1,72
Ermənistan – 1,71
İran – 1,67
Azərbaycan – 1,66
Türkiyə – 1,62
Rusiya – 1,46
Estoniya – 1,37
Latviya – 1,35
Litva – 1,22
Belarus – 1,22
Ukrayna – 1,0
Onu da bildirək ki, Dövlət Statistika Komitəsinin 2024-cü ilə aid olan sonuncu statistik göstəricilərində Azərbaycanda nəslvermə əmsalının 1,4 olduğu qeyd olunub. Bu rəsmi statistikanın aparıldığı dövr ərzində qeydə alınan ən aşağı göstərici hesab olunur. Ən yüksək nəslvermə əmsalı 1959-cu ildə qeydə alınıb. Həmin ildə Azərbaycanda nəslvermə əmsalı 5 olub. Sonrakı illərdə bu göstərici sürətlə azalmağa başlayıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə Azərbaycanda nəsilvermə əmsalı illər üzrə aşağıdakı kimi olub:
1959 – 5,0
1970 – 4,7
1980 – 3,3
1990 – 2,8
2000 – 2,0
2010 – 2,3
2020 – 1,7
2021 – 1,5
2022 – 1,7
2023 – 1,6
2024 – 1,4