Sosial şəbəkədə biz:

Qida Sənayesi Kollecində qalmaqal

Qida Sənayesi Kollecində qalmaqal
Xəbər Şəkli
11 November 2026, 12:59
Cəmiyyət

Qida Sənayesi Kollecində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecinin direktoru Sevinc Həmzəyeva barəsində çıxarılmış bəraət hökmü qüvvədə saxlanılıb.

1983-cü ildə Cəbrayıl rayonunda anadan olmuş Sevinc Həmzəyeva kollecin hüquqşünası Aynurə Muradovanın xüsusi ittiham qaydasında verdiyi şikayət əsasında məhkəmə qarşısına çıxıb.

Aynurə Muradova şikayətində iddia edib ki, Sevinc Həmzəyeva kollektivin və tələbələrin yanında ona qarşı “şərəfsiz”, “şəxsiyyətsiz”, “küçük” və digər təhqiramiz ifadələr işlədib. Həmçinin kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə onun şərəf və ləyaqətini alçaldan məlumatların yayılmasına səbəb olub.

Hüquqşünas direktorun Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsini istəyib. O, həmçinin Sevinc Həmzəyevanın 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini və 100 min manat mənəvi təzminat ödənilməsini tələb edib.

Nizami Rayon Məhkəməsi Sevinc Həmzəyevaya bəraət verib. Aynurə Muradova hökmdən apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şikayəti təmin etməyib və bəraət hökmünü dəyişdirilmədən saxlayıb.

Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, Sevinc Həmzəyevanın mübahisəli məlumatları media orqanlarına ötürməsini təsdiqləyən mötəbər sübutlar təqdim edilməyib. Məhkəmə materiallarında bəzi media qurumlarının məlumatları digər saytlara istinadən yaydığı, başqa bir materialın isə şikayətçinin özü tərəfindən təqdim edildiyi göstərilib.

Beləliklə, Aynurə Muradovanın apellyasiya şikayəti rədd edilib, Sevinc Həmzəyeva barəsində bəraət hökmü qüvvədə saxlanılıb./qaynarinfo