Sosial şəbəkədə biz:
"Təzə Pir" ətrafındakı söküntülərlə bağlı məhkəmə qərar verdi: "Bu nə məntiqdir?"
Xəbər Şəkli

"Təzə Pir" ətrafındakı söküntülərlə bağlı məhkəmə qərar verdi: "Bu nə məntiqdir?"

18 October 2025, 09:35
Cəmiyyət

“Təzə Pir” məscidinin ətrafı – paytaxtın Bayırşəhər adlanan hissəsində söküntülərin məhkəmədə yekun qərar çıxarılanadək dayandırılması barədə sakinlərin müraciəti rədd edilib. 

Bu haqda AzadlıqRadiosuna söküntüyə etiraz edən sakinlərdən Zahidə Əzizova məlumat verib.

“Bayırşəhər”in sökülməsinə etiraz edən sakinlərdən bir qrupu aylar öncə Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib. 31 nəfərin Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində bu qurumun söküntü barədə sərəncamının ləğvi tələb olunur.

Sərəncama əsasən, Azərbaycan prospekti ilə Mirzə Fətəli Axundov, Nizami və Mirzağa Əliyev küçələri arasında qalan ərazi sökülməlidir. Təxminən 4 aydır ki, sərəncamın icrası başlayıb. Sakinlərin etirazlarına baxmayaraq, ərazidə xeyli ev sökülüb.

Bu üzdən iddiaçılar məhkəməyə ərizə vermişdilər ki, onların iddiasına baxılıb, yekun qərar çıxarılanadək söküntü dayandırılsın. İcra hakimiyyətinə ərazidə söküntü işlərinin aparılması qadağan edilsin.

İddiaçılardan Z.Əzizova deyir ki, Bakı İnzibati Məhkəməsinin hakimi Səlma Qənbərova onların bu ərizəsini mümkün saymayıb. Onlar müvəqqəti təminat tədbiri ilə bağlı ərizələrinin təmin olunmaması haqda qərardaddan apellyasiya şikayəti veriblər. Lakin Bakı Apellyasiya Məhkəməsinə şikayətləri də nəticəsiz qalıb.

Məhkəmədə Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi də söküntünün dayandırılmasına etiraz edib. O, sakinlərin ərizəsinin rədd olunmasını istəyib.

“Bizə dedilər ki, söküntünün dayandırılması ilə bağlı ərizəni Yasamal Rayon Məhkəməsinə verməliyik. Elə də elədik. Dünən orada ərizəmizə baxdılar və təmin eləmədilər. Deyirlər ki, hələ sizin evləriniz sökülmür, ona görə bu ərizənin təmin olunmasına əsas yoxdur. Bu nə məntiqdir? Evimiz söküləndən sonra belə bir qərara nə ehtiyac var?”, - Z.Əzizova belə deyir.

31 narazı sakinin Bakı Şəhər İcra Hakimiyyətinə qarşı Bayırşəhərin sökülməsi barədə sərəncamın ləğvindən ötrü şikayəti üzrə məhkəmə iclası isə noyabrın 7-nə təyin olunub.

Z.Əzizova vurğulayır ki, Bayırşəhəri sökmək Bakının tarixini, mədəniyyətini məhv etməkdir. Onun sözlərinə görə, ərazidə yerli və ölkə əhəmiyyətli 113 tarixi abidə yerləşir:

“Burada elə binalar var, onları sökmək ölkəmizin keçmişindən gələcəyinə qoyulan mirası məhv etməkdir. Hər məhəllədən bir neçə evi olmaqla, təxminən 10 faizi artıq söküblər. Ərazini yerlə-yeksan ediblər. Amma Yasamal rayonunun icra başçısının müavini bizə cavab məktubunda yazır ki, “ərazidə abadlaşdırma işləri aparılır, binaların zahiri görkəmi yaxşılaşdırılır”. Tarixi abidələri məhv etmək abadlaşdırmaqdır?”

Ərazidə yaşayan sakinlərin bildirdiyinə görə, ev sahiblərinə hər kvadrat metr üçün 2700 manat, obyektlərə görə isə 3 min manatdan pul təklif olunur. Hətta köçməyə razı olanlar belə, məbləğin azlığından narazıdır.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, söküntü ərazisindəki tarixi abidələr qorunacaq.

“Təzə Pir” ətrafında sökülən tikililərin yerində isə park salınacaq. O da Mərkəzi Parka birləşdiriləcək.