AXC dövrünü tədris edən alim Mehdiyevlə bağlı mövqeyinə görə tənqid edilməsinə münasibət bildirdi: "Hər yetənə cavab versək..."
Tanınmış tarixçisi, tarix elmləri doktoru, professor Solmaz Tohidi (Rüstəmova) dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının sabiq sədri Ramiz Mehdiyevi müdafiə edən məqaləsi ilə gündəmə gəlib. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrünü tədris edən bir alimin Mehdiyevlə bağlı mövqeyi sosial şəbəkələrdə ciddi tənqid və iradlarla qarşılanıb, Solmaz Tohididən açıqlama verməsi tələb edilib.
Pravda.az deyilənlərlə bağlı mövqeyini öyrənmək üçün Solmaz Tohidi ilə əlaqə yaratsa da, Tohidi Ramiz Mehdiyevlə bağlı danışmaqdan imtina edib.
"Hər yetənin dediyinə cavab da, şərh də vermirəm, üzrlü sayın. Kim nə yazırsa, yazsın. Məni düzgün anlayın. Hər yetənə durub cavab versək, işlərimiz tökülüb qalar. Bağışlayın..." deyərək dəstəyi asıb.
Xatırlatma: AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi, professor Solmaz Rüstəmova Tohidinin 2020-ci ildə AMEA-nın rəsmi saytında yayılan məqaləsi sensasiya yaratmışdı.
Həmin məqalədən müzakirə yaradan bir neçə sitatı təqdim edirik: “Vaxtilə Azərbaycan Parlamentinin bir iclasında ölkə Prezidenti Heydər Əliyev hansısa mübahisəli məsələnin müzakirəsində akademik Midhəd Abbasovu danlayarkən ona töhmətlə “Axı sən mənim adamım idin” demişdi. Bu qınağa Midhəd müəllimin dərhal və kəskin şəkildə: “Mən sizin adamınız deyiləm. Siz bu dövlətin rəhbərisiniz, mən də onun alimi, bir institutun direktoru” - cavabını xatırlayan varmı? Necə oldu bu şəxsiyyətlər? Mənə Midhəd Abbasovun və onun rəhbərlik etdiyi institutun sonrakı aqibətini xatırlatmayın. Bilirəm. Amma Midhəd Abbasovların sayı daha çox, özünü ziyalı adlandıran zümrənin müqavimət dirənişi isə daha güclü olsaydı, cəmiyyət indiki halına gəlib düşərdimi?”
“Çox hörmət etdiyim bir təhlilçi-ekspert Azərbaycan cəmiyyətini və onun ziyalı təbəqəsini indiki durğun vəziyyətə mövcud siyasi sistemin gətirib çıxardığını iddia edir. Çünki bu sistemin qurduğu modelin işləməsi üçün məhz belə cəmiyyət lazım idi. Onunla tam razılaşa bilmirəm. Cəmiyyət və onun aparıcı qüvvəsi olan ziyalılar bu sistemə, modelə qarşı, onun formalaşmağa başladığı andan zəif də olsa heç müqavimət göstərdimi? İstənilən seçkilərdə - akademiyaya, ya Milli Məclisə - sistemin təklif etdiyi şərtlər daxilində seçilməkdən imtina edən olubmu? Olubsa da, bütün mümkün vasitələrlə seçilməyə razı olanlarla imtina edənlərin say nisbəti haqda məlumat varmı? Ümumiyyətlə belə bir nisbət mövcuddurmu? Kimi qınayırıq? Kim qınayır?”
“Hücumçular” sanki unudurlar ki, akademik Ramiz Mehdiyev bu gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidentidir, on mindən artıq əməkdaşı olan ali elmi müəssisəsinin rəhbəridir və onun ünvanına deyilən təhqir və təhdidlər istər-istəməz akademiyanın hər bir əməkdaşında xoşagəlməz hisslər oyadır. Bütün bu olaylarda yeganə sakitləşdirici hal əsl alimlərin (elmi dərəcəsi olan deputatlar və digərləri nəzərdə tutulmur) bu “toy əhvalatının” doğurduğu miskin tamaşada iştirak etməməsidir. Mümkündür ki, akademiya kollektivinin bu ümumi sükutu içində kimlərsə müşahidəçi mövqe tutaraq bu işlərin nə ilə bitəcəyini gözləyir. Amma mən əminəm ki, Elmlər Akademiyasının çoxsaylı kollektivi Ramiz Mehdiyevlə bağlı bu kampaniyanın gedişində respublikada yeganə ali fundamental akademik elm ocağının da ən natəmiz niyyətlərlə haqsız tənqid və əsassız ittihamlara məruz qalmasından olduqca narahatdır”.