Azay Möhnətov "Bədəl" ödəyir – “AF Hotel” yandı, “Eurohome” bağlandı, Rusiyadakı biznesinin taleyi necə olacaq?
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 2 ünvanında yerləşən “Eurohome” tikinti materiallarının satışı bazarında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, bazarda elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib, izolyasiyası zədələnmiş nasaz elektrik avadanlıqlarından istifadə olunur və elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib; obyekt avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi ilə tam təmin edilməyib, mövcud qurğu isə nasaz vəziyyətdədir; obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib; bəzi divar və tavan hissələri yanar material olan lambirlə üzlənilib, taxta konstruksiyalara isə odadavamlı məhlul hopdurulmayıb; obyektin ərazisi yanar tullantılardan təmizlənməyib; insanların təxliyəsi üçün “Çıxış” sözü yazılmış işıqlı göstəricilər quraşdırılmayıb; obyektin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş, “Eurohome” tikinti materiallarının satışı bazarınının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
“Eurohome” iş adamı Azay Möhnətova məxsusdur.
Novxanıda yerləşən və illərdir ölkənin iri istirahət mərkəzlərindən biri kimi tanınan “AF Hotel”in də sahibi Azay Möhnətovdur. Bir neçə gün əvvəl sözügedən obyektdə yanğın baş verimişdi.
FHN-dən saytımıza bildirilib ki, yanğının səbəbləri araşdırılır.
Bu hadisələr Azay Möhnətovun adı ilə bağlı əvvəlki qalmaqalların yenidən gündəmə gəlməsinə səbəb olub.
Uzun illərdir tikinti, turizm və kommersiya sektorunda fəaliyyət göstərən iş adamının adı xüsusilə Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarı ilə bağlı hadisələrdən sonra daha çox hallanmağa başlayıb. 2019-cu ildə bazarda baş vermiş iri yanğın yüzlərlə sahibkara ciddi maddi ziyan vurmuşdu. Hadisədən sonra icarədarların bir hissəsi kompensasiya ala bilmədiklərini bildirərək etiraz aksiyalarına çıxmış, hətta Bakı–Sumqayıt yolunu bağlamağa cəhd etmişdilər.
Aradan illər keçsə də, həmin qalmaqalın tam bağlanmadığı görünür. Müxtəlif media resurslarında dərc olunan məlumatlarda bəzi sahibkarların hələ də kompensasiya ala bilmədiyi iddia edilir. Xüsusilə sahibkar Rafiq Ocaqverdiyevin adı tez-tez hallanır. Onun açıqlamalarına görə, “EuroHome”dakı yanğın zamanı 200 min manatdan çox zərərə düşüb, lakin kompensasiyanın ödənilməsi ilə bağlı verilən vədlər yerinə yetirilməyib. Ocaqverdiyev məsələ ilə bağlı ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarına müraciət etdiyini də açıqlayıb.
Mediada gedən iddialarda diqqət çəkən başqa bir məqam isə “EuroHome” ətrafında təhlükəsizlik məsələlərinin yenidən gündəmə gəlməsidir. Bir sıra nəşrlər bazarda yanğın təhlükəsizliyi standartlarının uzun müddət lazımi səviyyədə olmadığını yazıb. Hətta iddialara görə, bazarda aparılan yoxlamalar zamanı da həmin problemlərin tam aradan qalxmadığı iddia olunurdu.
Azay Möhnətovun biznes fəaliyyəti yalnız “EuroHome” və “AF Hotel”lə məhdudlaşmır. Onun adı müxtəlif illərdə tikinti, daşınmaz əmlak və turizm layihələrində hallanıb. Xüsusilə Novxanı sahilində yerləşən “AF Hotel & Aqua Park” kompleksi ölkənin ən böyük istirahət mərkəzlərindən biri hesab olunur. Kompleksin rəsmi məlumatlarında burada hotel, aquapark, restoranlar, əyləncə zonaları və geniş turizm infrastrukturu olduğu göstərilir.
Ancaq Möhnətovun fəaliyyəti Azərbaycan sərhədləri ilə də bitmir.
Onun adı Rusiya mediasında da iri biznes əlaqələri fonunda hallandırılıb. Rusiyanın “The Moscow Post” nəşri bir müddət əvvəl yazırdı ki, vaxtilə rusiyalı milyarder Mikhail Gutserievin “Safmar” qrupuna aid olmuş “Rusinkom” ASC sonradan Azərbaycanın AF Holding şirkətinin nəzarətinə keçib. Məqalədə iddia olunurdu ki, şirkət formal olaraq əl dəyişsə də, biznes üzərində nəzarət Azay və İlyas Möhnətovlar vasitəsilə qorunub saxlanılıb.
Həmin araşdırmada bildirilirdi ki, “Rusinkom” aktivləri “Binbank”ın çökməsindən sonra yaranmış çoxmilyardlıq borcların bağlanması üçün “Trust” bankına verilmiş aktivlər sırasında olub. Sonradan AF Holding-in həmin aktivlərə sahib çıxması Rusiyada da diqqət çəkən sövdələşmələrdən biri kimi təqdim edilmişdi. Məqalədə benefisiar məlumatlarının açıqlanmaması ayrıca sual doğuran məqam kimi vurğulanırdı.
Rusiya mediasında gedən yazılarda Möhnətovların adı daşınmaz əmlak layihələri ilə də əlaqələndirilirdi. İddialara görə, AF Holding Moskvada yüz minlərlə kvadratmetr yaşayış sahəsinin tikintisini planlaşdırırdı. Maraqlıdır ki, analoji layihələri vaxtilə Mixail Qutseriyevin özü də elan etmişdi.
Beləliklə, Novxanıdakı son yanğın bir daha göstərdi ki, Azay Möhnətovun adı təkcə hotel biznesi ilə deyil, illərdir müzakirə olunan iri maliyyə, tikinti və kompensasiya qalmaqalları ilə birlikdə çəkilir. “EuroHome” yanğınından zərər çəkən sahibkarların iddiaları hələ də tam həllini tapmayıb, Rusiyadakı biznes əlaqələri isə zaman-zaman yeni suallar doğurmaqda davam edir.
Tiraj.az