Sosial şəbəkədə biz:
Azərbaycan Rusiyada həbs olunmuş şəxsin ekstradisiyasını tələb edib
Xəbər Şəkli

Azərbaycan Rusiyada həbs olunmuş şəxsin ekstradisiyasını tələb edib

10 September 2025, 09:18
Gündəm

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) terror aktı törətməkdə ittiham olunan azərbaycanlını Azərbaycanın sorğusu əsasında həbs edib.

Bu barədə RİA Novosti məhkəmə materiallarına istinadən məlumat yayıb.

FSB-nin sentyabrın 8-də yaydığı məlumatda deyilirdi ki, Azərbaycan silahlı qüvvələrinin xüsusi bölmələrində xidmət keçən şəxs Yessentuki və Stavropolda terror aktı törətməkdə ittiham olunaraq saxlanılıb.

“Azərbaycanın hüquq-mühafizə orqanları Rusiyadan öz ölkələrində terrorçuluğa hazırlıq məqsədi ilə təlimlər keçirmək və digər cinayətlərdə ittiham olunan şəxsin ekstradisiyasını tələb etdiklərini təsdiqləyiblər. Hazırda Rusiyada ekstradisiya ilə bağlı şəxsə qarşı hər hansı açıq əngəl mövcud deyil”, – nəşr məhkəmə qərarına istinadla bildirir.

Məlumatda deyilir ki, saxlanılan şəxs Azərbaycanda terrorçuluq məqsədilə təlimlər keçirməkdə, cinayətkar birlik (cinayətkar təşkilat) yaratmaqda və ölkəsinin qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmələr, yaxud da qruplar yaratmaqda ittiham olunur.

Moskva məhkəməsi Azərbaycanın sorğusu əsasında saxlanılan şəxsin barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxaraq onu istintaq təcridxanasına göndərib.

Daha əvvəl, avqustun 20-də əslən Azərbaycandan olan Mehriban Lukinskaya Rusiyada casusluq ittihamı ilə 5 il müddətinə həbs olunub. 

Avqustun 21-də isə FSB məlumat yayaraq bildirib ki, Rusiya-Azərbaycan sərhədində Yadulla Rufullayev adlı xarici vətəndaş məxfi sənədləri ölkədən çıxarmağa cəhd edərkən saxlanılıb. FSB-yə görə, o, Ukrayna Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq edib və Rusiya hərbi-sənaye kompleksinə aid materialları çıxarmağa çalışıb. Bildirilib ki, onun barəsində Rusiya Cinayət Məcəlləsinin “düşmənə yardım etmək” maddəsi ilə cinayət işi açılıb.