“Bakubus” bu dəfə də “Azərenerji” prezidentinin ailə şirkətinə 12 milyonluq müqavilə verdi
“Bakubus” MMC Buzovna qəsəbəsindəki “Albalılıq qarajı” üzrə elektrik təchizatı işlərinin satın alınması üçün tender keçirib. Tenderin qalibi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayevin qardaşı Emin Hüseynağa oğlu Rzayevə aid “Bakelektro” ASC olub.
Müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb. “Bir mənbədən” satınalma metodu o deməkdir ki, rəqabət olmadan birbaşa bir şirkətlə tender müqaviləsi bağlanır, detallar ictimaiyyətə açıqlanmır.
Görüləcək işlərin qarşılığında qalib şirkət “Bakelektro” ASC “Bakubus”dan 12 milyon 255 min 98 manat 48 qəpik alacaq.
Meydan TV-nin illər öncəki geniş araşdırmasında yuxarıda adı çəkilən şirkətin Baba Rzayevin ailə şirkəti olduğu təsbit olunub.
Hər iki şirkət də mütəmadi olaraq tender müqavilələri imzalayırlar. 3 ay əvvəl də “Bakubus” MMC “Bakelektro” ASC ilə tender müsabiqəsi keçirilmədən 15 milyon manatlıq müqavilə imzalamışdı.