DSX-nin əsgərinin intiharına görə komandiri həbs olundu
Dövlət Sərhəd Xidmətinin əsgəri Hüseyn Hüseynovun intihar etməsi ilə bağlı komandiri, kapitan Mahmud Hikmət oğlu Səfəralıyev həbs olunub.
Şirvan Apellyasiya Məhkəməsi Hərbi Prokurorluğun şikayətini təmin edərək Cəlilabad Hərbi Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsindən imtina qərarını ləğv edib və bunun nəticəsində Səfəralıyev həbs olunub.
Hadisə noyabrın 15-də baş verib. Hüseynov kapitan Mahmud Səfəralıyev tərəfindən təhqir və zorakılığa məruz qaldıqdan sonra özünü güllələyib. Faktla bağlı Səfəralıyev saxlanılmış və ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunmuşdu.
Noyabrın 27-də barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Cəlilabad Hərbi Məhkəməsinə müraciət edilsə də, məhkəmə onu azadlığa buraxmışdı.
Səfəralıyev qrup halında dövlət sərhədinin qanunsuz keçirilməsi, sərhədin qanunsuz keçirilməsinin təkrar törədilməsi, silah, döyüş sursatı, partlayıcı maddələr və ya xüsusi texniki vasitələrdən istifadə etməklə sərhədin qanunsuz keçirilməsi maddələri ilə ittiham olunaraq həbs edilib. Əgər ittiham gələcəkdə sübuta yetirilərsə, onu 3 ildən 8 ilədək həbs cəzası gözləyir.