Ətin qiyməti 25 manata qədər qalxacaq?
Bu gündən etibarən Azərbaycan üzrə fəaliyyət göstərən heyvan bazarları müvəqqəti bağlanır.
Bu barədə məlumatı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yayıb.
Bildirilib ki, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklərin yayılması müşahidə olunur və bu, region ölkələri, o cümlədən Azərbaycan üçün real risk yaradır.
Qərara əsasən, bu gündən heyvan bazarlarında dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılacaq. Tədbirlər başa çatdıqdan sonra bazarların fəaliyyəti mərhələli şəkildə bərpa olunacaq. Bu prosesdə yerli icra hakimiyyətləri və polis orqanları da nəzarəti təmin edəcəklər.
Qeyd edək ki, bir müddətdir ölkənin müxtəlif bölgələrində mal-qara arasında dabaq xəstəliyinin yayılması müşahidə olunur.
Hazırda bəzi satıcılar isə ətin qiymətinin 25 manatadək qalxacağını iddia edirlər. Həqiqətən ətin qiyməti 25 manata qədər bahalaşa bilər?
Məsələ ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, ətin 25 manata qalxacağı barədə məlumat təsdiqlənməyib, amma artım riski mövcuddur:
"Hazırda rəsmi şəkildə təsdiqlənmiş bir məlumat yoxdur ki, ətin 1 kiloqramının qiyməti mütləq olaraq 25 manata qalxacaq. Lakin bir sıra faktlar onu göstərir ki, qiymət artımı riski mövcuddur. Ona görə də iddia tamamilə uydurma deyil və müəyyən əsaslara malikdir".
Onun sözlərinə görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) xüsusi təhlükəli yoluxucu xəstəliklərin yayılması səbəbilə heyvan bazarlarını müvəqqəti bağlaması təchizat zəncirinə təsir göstərə bilər:
"Heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklərin, məsələn, dabaq xəstəliyi yayılması müşahidə olunur. Bazarlarda satılacaq heyvanların azalması, bazarların bağlanması, nəqliyyat və satış imkanlarının məhdudlaşması kimi faktorlar təchizat zəncirində sıxıntılar yarada bilər ki, bu da ət qiymətlərinə bahalaşma təzyiqi göstərə bilər".
O qeyd edib ki, bəzi bölgələrdə isə vəziyyət tam əksinədir:
"Yerli mediada bildirilir ki, bəzi bölgələrdə bazarların bağlanması və hayvan dövriyyəsinin azalması səbəbindən “ət bahalaşacaq” barədə proqnozlar irəli sürülüb. Heç bir mənbədə deyilməyib ki, “kiloqramı mütləq 25 manata qalxacaq”. Bu rəqəm daha çox medianın və sosial şəbəkələrin təqdim etdiyi ehtimal xarakterli proqnozlara əsaslanır.
Əksinə, bəzi bölgələrdə satıcılar deyirlər ki, ətin qiyməti 2 manatdan qədər ucuzlaşma müşahidə olunub. Bu isə yerli bazar dinamikasının sadə “artım” formasında olmadığını göstərir, müxtəlif bölgələrdə fərqliliklər mümkündür".
O bildirib ki, hazırda xəstəlik səbəbindən əhali ət almaqdan çəkinir:
"Bu satış dövriyyəsinin azaldan və qiymətlərə ucuzlaşma təzyiq göstərən amildir. Qiymətə təsir edəcək amillər çoxdur: heyvan bazarlarının bağlanma müddəti, nə qədər heyvanın zərər görməsi, qırğın və məhdudiyyətlər, nəqliyyat xərcləri, bazara daxil olan heyvan sayısı, istehlakçı tələbi. Məhz bu səbəbdən ətin qiyməti hər yerdə və hər kateqoriyada eyni templə artmayacaq".
Akif Nəsirli əlavə edib ki, ətin kiloqramının 25 manata yüksəlməsi üçün bir neçə şərtin eyni anda baş verməsi lazımdır:
"Qısa müddətdə (bir-iki ay ərzində) ət qiymətində artım riski mövcuddur, xüsusilə bazarlarda heyvan tədarükü azaldıqda. Amma alıcılıq qabiliyyəti də azalır. Lakin 25 manat səviyyəsinə qalxması üçün bir neçə şərtin birlikdə baş verməsi lazım olacaq: ciddi sayda heyvanın xəstələnməsi və ya məhv olması, bazarların uzunmüddətli bağlanması, alternativ tədarük yollarının zəifləməsi. Belə şərtlər tam baş vermədiyi halda, qiymət artımı daha ölçülü ola bilər.
Məsələn, 1-2 manat aralığında artım və ya bəzi bölgələrdə qiymətin sabit qalması, hətta ucuzlaşması mümkün ola bilər. İstehlakçı tərəfdən qiymət artımına qarşı hazırlıqlı olmaq (ət alışını bir qədər öncədən planlaşdırmaq) faydalı ola bilər. Dövlət və peşəkar qurumların açıqlamalarını diqqətdə saxlamaq, bazarlar nə vaxt yenidən açılacaq, hansı tədbirlər görülür, tədarük zənciri necə formalaşacaq".