Lavrov: Vaşinqtonda paraflanan sülh sənədində hələ çox məsələ razılaşdırılmayıb
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Azərbaycan və Ermənistan arasında ABŞ-nin vasitəçiliyi ilə əldə olunan sülh razılaşmasının mətnində hələ də bir çox məsələlər razılaşdırılmayıb.
Lavrovun sözlərinə görə, Vaşinqtonda sülh razılaşmasının paraflanmasından sonra səsləndirilən nikbin fikirlər sənədin dərcindən sonra skeptik yanaşmalarla əvəz olunub.
“Onlar bu müqaviləni ABŞ ərazisində imzalamağa qərar verdilər. Bu, bizim qonşularımızın suveren hüququdur. Lakin baxmaq lazımdır ki, bu razılaşma necə işləyəcək. Çünki Vaşinqton görüşündən sonra bir neçə gün ərzində səslənən təriflər, sənədin dərcindən sonra skeptik qiymətləndirmələrlə əvəz olundu və məlum olur ki, orada hələ çox məsələlər razılaşdırılmayıb”, – Lavrov deyib.
Rusiya XİN rəhbəri hesab edir ki, bu cür təşəbbüslər xarici siyasətdə “parlaq görüntü yaratmaq və onu informasiya müstəvisində təqdim etmək” məqsədi daşıyır.
“Mən düşünürəm ki, bu metodun mövcudluq haqqı var, lakin əgər onun ardınca real addımlar atılmasa, bu sadəcə bir parıltı olaraq qalacaq. Halbuki, biz həqiqi sülh müqaviləsinin imzalanmasında maraqlıyıq”, – Lavrov əlavə edib.
Nazir qeyd edib ki, ABŞ-da Bakı və Yerevan arasında əldə olunmuş razılaşma əslində, 2020–2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında imzalanan sənədlərdən qaynaqlanır:
“İkinci Qarabağ müharibəsi başladıqdan sonra məhz Rusiya prezidenti Putin həlledici rol oynadı. Prezident Ermənistanın baş naziri Paşinyan və Azərbaycanın prezidenti Əliyevin 2020-ci ilin noyabrında imzaladığı razılaşmaya nail oldu. Ardınca bir sıra üçtərəfli sammitlər keçirildi və orada iqtisadi əlaqələrin açılması, nəqliyyat marşrutlarının bərpası ilə bağlı razılaşmalar əldə edildi”.