Sosial şəbəkədə biz:
MEDİA qəzetlərin maliyyələşməsini məhdudlaşdırdı: “Səs” qəzetində ixtisarlar başladı
Xəbər Şəkli

MEDİA qəzetlərin maliyyələşməsini məhdudlaşdırdı: “Səs” qəzetində ixtisarlar başladı

15 November 2025, 10:20
Gündəm

Medianın İnkişafı Agentliyi (MEDİA) noyabrın 13-də çap mediasına dəstək müsabiqəsinin yeni şərtlərini açıqlayıb. Yeni qaydalara əsasən, qəzetlərin yalnız həftədə bir nömrəsi maliyyələşdiriləcək. Qurum bunu mətbəə, kağız və digər texniki xərclərin artması, həmçinin medianın rəqəmsallaşma prosesinə uyğunlaşmasının zəruriliyi ilə əsaslandırır. Agentlik hesab edir ki, bu qərar həm redaksiyaların yükünü azaldacaq, həm də onların onlayn platformalarda mövqelərini möhkəmləndirməsinə şərait yaradacaq.

Bir gün sonra — noyabrın 14-də — 35 ildir fəaliyyət göstərən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev qəzetin həftədə bir dəfə çıxacağını və kollektivdə ixtisarlar aparılacağını açıqlayıb.

Çap mediası: tənəzzülün uzun tarixi

Azərbaycanda çap mediasının sayının azalması 1990-cı illərin sonlarından başlayıb. 2010-cu illərdə qəzetlərin tirajı kəskin aşağı düşüb, reklam bazarı daralıb, mətbəə və kağız xərcləri durmadan artıb. Bu dövrdə bir çox müstəqil və gündəlik qəzet fəaliyyətini dayandıraraq onlayn formata keçib.

2022-ci ildə qəbul edilmiş yeni “Media haqqında” Qanun və media reyestri çap orqanları üçün əlavə tənzimləmə mexanizmləri yaradıb. 2023–2024-cü illərdə isə reyestr tələbləri, qeydiyyat prosedurları və nəşr qaydaları çap subyektlərinin fəaliyyət sahəsini daha da məhdudlaşdırıb.

Beynəlxalq media azadlığı təşkilatlarının hesabatlarında bildirilir ki, çap mediasının zəifləməsi təkcə iqtisadi səbəblərlə bağlı deyil. Onların qiymətləndirməsinə görə, müstəqil qəzetlərin fəaliyyət imkanlarının daralması, reklam bazarına çıxışın məhdudlaşdırılması və redaksiyaların təzyiq riski ilə üzləşməsi medianın dayanıqlığını ciddi şəkildə zəiflədir. Bu qurumlar həmçinin informasiya mühitinin mərkəzləşdirilməsi və jurnalistlərin təqib hallarını medianın müstəqilliyinə ən böyük zərbə kimi qeyd edirlər.

“Çap mediası süni şəkildə sıradan çıxarılıb”

Fəaliyyətini dayandıran Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Meydan TV-yə deyir ki, Azərbaycanda çap mediasının məhv olması hakimiyyətin illərlə apardığı siyasətin nəticəsində baş verib. Həmçinin reklam bazarının çöküşü, qəzetlərin özünü maliyyələşdirə bilməməsi, Media Agentliyinin formal yardım xarakteri daşıması və ümumilikdə medianın hakimiyyətə bağlı maliyyələşmə çap mətbuatını acınacaqlı vəziyyətə salıb:

“Qəzet biznesi Azərbaycanda dünyadakı kimi təbii təkamül yolu ilə yox, süni şəkildə sıradan çıxarılıb. Çap mediasının ölümü gec-tez baş verəcəkdi, çünki oxumağa bir şey qalmamışdı, hamı bir-birini təkrarlayırdı. İnsanlar siyasətdən çox qısa “TikTok” videolarına yönəlib. Bu hakimiyyətin siyasətidir. Hakimiyyət uzun illər çap mediasını sistemli şəkildə çökdürüb, proses 1998-ci illərin sonlarından başlayıb. Qəzetlərin yaşaması üçün köşklərdə, metrolarda, küçələrdə satış bərpa edilməlidir. Reklam bazarı yoxdur, halbuki medianın gəlirinin 95%-i reklamlardan olur. Media Agentliyinin verdiyi rəsmi vəsaitlər yalnız “aysberqin görünən hissəsi”dir və ciddi dəstək sayıla bilməz. Əsas vəsaitlər hakimiyyətə loyal olan media orqanlarına qeyri-rəsmi şəkildə ötürülür. Mövcud media sistemi 25 ildir ki, eyni məntiq ilə işləyir”.

“Gözlənilən qərar idi; Yardımların dayanmasından baş redaktorların cibləri də bir az naziləcək”

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə deyir ki, çap mediasının zamanla ixtisar olunacağı gözlənilən idi:

“Qəzetlərə verilən maliyyə yardımının kəsiləcəyi həm redaktorlara, həm dövlət orqanlarına, həm də media mühitinə məlum idi və gözlənilirdi. Buna artıq iki dəfə cəhd olunmuşdu. Daha doğrusu, bu barədə plan var idi, sadəcə, həmin planlar nədənsə yarımçıq qalmışdı. Bu dəfə görünür, ölkədə maliyyə məsələləri ilə bağlı fərqli bir vəziyyət yarandığı üçün bu qərara gəliblər. Qəzetlərdə işləyən bir qrup jurnalistlər üçün çətin olacaq. Ola bilsin ki, yardımların dayanmasından baş redaktorların cibləri də bir az naziləcək. Amma oxucu bunu hiss etməyəcək. Faktiki olaraq media mühitində elə bir ciddi vacib bir şey baş verməyəcək”.

“Radikal və ədalətsiz qərar”

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı isə deyir ki, çıxış yolu tapılmayanda, verilən qərarlar bəzən daha radikal olur.

“Dünən Medianın İnkişaf Agentliyinin verdiyi qərar radikal və ədalətsiz idi, bu gün isə “Səs” qəzetinin kollektivinin qərarı da radikal xarakter daşıyır. “Nə etməli? Əziz həmkarlar, ağrınızı duyuruq və anlamağa çalışırıq. Deməyə, təsəlliyə söz tapılmır. Həyat davam edir”, – deyə o bildirib.