Muzdlu işçilərin sayı 10 min nəfərə qədər azalıb
Ötən il Dövlət Məşğulluq Agentliyində işsiz kimi qeydiyyata düşənlərin cəmi 1,8 faizi sosial müavinət ala bilib.
Meydan TV Dövlət Statistika Komitəsinin “Əmək bazarı” statistik məcmuəsinə istinadən xəbər verir.
Komitənin məlumatına görə, 2024-cü ildə işsiz əhalinin sayı 282,3 min nəfər təşkil edib. Bu rəqəm rəsmi olaraq ölkədə işsizlik səviyyəsinin 5,3 faiz olduğunu göstərir. 2023-cü ildə isə bu göstərici 293,3 min nəfər olub.
Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında “işsizlik statusu” alanların sayı 2024-cü ildə 217 min 228 nəfər, 2023-cü ildə isə 217 min 608 nəfər təşkil edib.
Lakin əmək qanunvericiliyi ölkədə “işsizlik statusu” alan bütün şəxslərin sosial müdafiəsini təmin etmir. İşsizlik sığortasından yalnız ixtisara düşənlər, əmək müqaviləsi başa çatanlar, həmçinin təşkilat və müəssisələrin ləğvi nəticəsində işini itirənlər faydalana bilirlər.
Bu səbəbdən ötən il bu kateqoriyalara aid 3963 nəfər işsizlik sığortası ala bilib. Bu da işsizlik statusu qazananların cəmi 1,8 faizinə bərabərdir. Qeyd edək ki, 2023-cü ildə bu göstərici 1,3 faiz olub.
Yeri gəlmişkən, statistikaya görə, məşğul əhalinin çox az hissəsi əmək müqaviləsi ilə işləyir. Belə ki, DSK məşğul əhalinin sayını 5 milyon nəfər olaraq göstərir. Lakin onların yalnız 35,4 faizi – 1 milyon 770 min nəfəri muzdlu işçidir. Muzdlu işçilərin 48,8 faizi (864,2 min nəfər) dövlət sektorunda çalışır. Bu da ölkədə əmək münasibətlərində dövlət sektorunun üstünlük təşkil etdiyini göstərir. Qeyri-dövlət sektorunda çalışan 906,6 min nəfərin bir hissəsi isə payı dövlətə məxsus olan şirkətlərdə (SOCAR, dövlət səhmlərinə sahib banklar və s.) işləyir.
2025-ci ilin əvvəli ilə müqayisədə ilin I yarısında işləyənlərin sayı 10 min nəfər azalıb.