Sosial şəbəkədə biz:
Neft Fondu Britaniyanın hava limanına 50 milyon funt sterlinq yatırıb
Xəbər Şəkli

Neft Fondu Britaniyanın hava limanına 50 milyon funt sterlinq yatırıb

09 October 2025, 14:15
Gündəm

Azərbaycan Dövlət Neft Fondu (ADNF) "BlackRock" beynəlxalq investisiya şirkətinin tərkibinə daxil olan "Global Infrastructure Partners" (GIP) ilə tərəfdaşlıq çərçivəsində London Qatvik hava limanına 50 milyon funt sterlinq (66.8 milyon dollar) investisiya qoyub.

Fonddan bildirilib ki, bu yatırım onun qlobal infrastruktur layihələrində uzunmüddətli iştirakını və dayanıqlı inkişafa sadiqliyini bir daha nümayiş etdirir. "2019-cu ildə "VINCI Airports" Qatvik hava limanının 50.01 faizlik səhmlərini GIP-dən əldə edib. Qalan pay isə GIP, ADNF və digər beynəlxalq institusional investorlar tərəfindən birgə idarə olunmağa davam edir", - məlumatda vurğulanır.

Bir müddət öncə Hesablama Palatasının Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin icrası haqqında rəyində bildirilirdi ki, bu qurum daşınmaz əmlaka qoyduğu investisiyalardan zərər görüb. Amma ümumi gəlirlərdə artım var. Qurumun 2024-cü il üçün təsdiqlənmiş büdcəsində vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 3 mlrd. 131.9 mln. manat proqnozlaşdırılıb. 12 aylıq icra göstəricilərinə əsasən, onun vəsaitlərinin idarə edilməsindən 3 mlrd. 409 mln. ABŞ dolları (və ya 6%) gəlir əldə edilib.

Hazırda fondun məcmu aktivlərinin 67 milyard dollar civarında olduğu bildirilir.

ADNF 1999-cu ildə yaradılıb, ora vəsaitlər, əsasən, 2001-ci ildən köçürülməyə başlayıb. Onun yaradıldığı vaxtdan indiyə kimi ümumi gəlirlərinin 210 milyard ABŞ dollarından çox olduğu deyilir.

Fondun hesabatlarında ona daxil olan vəsaitlərdən böyük bir hissəsinin dövlət büdcəsinə, beynəlxalq və yerli layihələrin maliyyələşməsinə ayrıldığı açıqlanıb. Amma müxalifət partiyaları iddia edirlər ki, həmin vəsaitlərin bir hissəsi korrupsiyanın yemi olub. Rəsmilər belə iddiaları qərəzli sayırlar.