Neftçalada torpaq maxinasiyası: Əkilməyən sahələrə subsidiyalar "ayrılıb"
Neftçalada 1160 hektar pay torpağından yalnız 160 hektar ərazinin təyinatı üzrə istifadə edildiyi məlum olub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, rayon sakinlərinin Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisi Nuruş Həsənli barəsində şikayətlərindən sonra Kənd Təsərrüfatı Nazirliyi (KTN) araşdırma aparıb.
Araşdırmalar nəticəsində aydın olub ki, pay torpaqları əkilmir. Əvəzində əkilməyən torpaqlara subsidiyalar "verilib".
Bundan başqa, örüş üçün nəzərdə tutulan torpaqlar KTN-ə əkin torpaqları kimi təqdim edilib.
Xatırladaq ki, bundan əvvəl Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisi Nuruş Həsənliyə töhmət verilməsi barədə məlumat dərc etmişdik. Sakinlər araşdırmalar nəticəsində ortaya kifayət qədər ciddi qanun pozuntularının çıxmasına baxmayaraq, KTN ona yalnız töhmət verməklə kifayətlənib.