Sosial şəbəkədə biz:
Nərmin Şirəliyeva: “Öz doğma əmim və atam tərəfindən təhdid olunuram”
Xəbər Şəkli

Nərmin Şirəliyeva: “Öz doğma əmim və atam tərəfindən təhdid olunuram”

07 May 2026, 08:18
Gündəm

Mayın 5-də 22 yaşlı Nərmin Şirəliyeva sosial mediada video paylaşaraq əmisi tərəfindən cinsi zorakılığa, həmçinin atası tərəfindən təhdidə məruz qaldığını bildirib.   

O, həyatının təhlükədə olduğunu iddia edir.

“Hazırda öz doğma əmim Qasımlı Allahyar (1993-cü il təvəllüdlü, hal-hazırda “Shusha Hotel”də Front Office Manager olaraq fəaliyyət göstərən adam) tərəfindən təhdid olunuram. Həmçinin öz doğma atam Şirəliyev Daşqın Rafiq oğlu tərəfindən “dəli” olduğuma dair əsassız təhdidlər alıram”, – deyə o paylaşdığı videoda bildirib.

Şirəliyevanın sözlərinə görə, atası və əmisi onun psixiatrik ekspertizadan keçməsini tələb edir:

“… və bu ekspertiza rəyinin Ruslan adlı şəxsin nəzarəti altında alınmasını istəyirlər”.

O, 23 aprel 2026-cı ildə İsmayıllı Rayon Polis Şöbəsində əmisi Allahyar Qasımlı barədə cinsi istismar və zorakılıq iddiası ilə yazılı şikayət verdiyini də qeyd edir:

“Polis məmuru Mais Məmmədov bu işi nəzarət altına götürdüyünü qeyd etdi və bir neçə saat ərzində məni əsassız, sırf cinsiyyətimə görə narkoman və digər xoşagəlməz ifadələrlə hədə-qorxu gəldi”.

Şirəliyeva həmçinin qeyd edir ki, həmin gün saxlanılan Allahyar Qasımlı şikayətdən bir gün sonra sərbəst buraxılıb və bundan sonra təhdidlər davam edib.

Belə ki, əmisi onun sosial media hesabları, köhnə elektron poçt ünvanları, şəxsi foto və videogörüntülərini ona qarşı istifadə etməyə və şantaj vasitəsinə çevirməyə çalışır.

Şirəliyeva atasının da ona qarşı eyni formada təhdidlər etdiyini deyir. O bildirir ki, həyatı üçün ciddi təhlükə hiss edir.

“Əgər bu açıqlamadan sonra mənə nəsə olsa, əsas məsul şəxslər Qasımlı Allahyar və atam Şirəliyev Daşqındır”, – o, paylaşdığı videoda qeyd edir.

Video bir neçə saat sonra Nərmin Şirəliyevanın sosial media hesabından silinib.Daxili İşlər Nazirliyinin Mətbuat Xitmətinin regional qrupundan açıqlama yayaraq qeyd edilib ki, hazırda məsələ ilə bağlı ekspertiza təyin edilib və araşdırılma aparılır.