Sosial şəbəkədə biz:

Türkiyə aviasiyası terrorçuların Suriyadakı daha 42 obyektini bombaladı

28 January 2018, 12:22
Gündəm
Türkiyə Hərbi-Hava Qüvvələri Suriyanın Afrin bölgəsində PKK, YPG və İŞİD terrorçularına qarşı aparılan “Zeytun budağı” əməliyyatı çərçivəsində yanvarın 27-də terror təşkilatlarına məxsus 42 obyekti və 53 terrorçunu məhv edib. Virtualaz.org bildirir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı  bəyanat yayıb. "Şənbə günü Suriyanın Afrin rayonunda "Zeytun budağı" əməliyyatı çərçivəsində ən azı iki türk hərbi qulluqçusu həlak olub, daha 11-i isə yaralanıb", - deyə bəyanatda bildirilir. Qərargah qeyd edir ki, əməliyyat çərçivəsində indiyədək 447 terrorçu öldürülüb. Məlumatda o da bildirilir ki, əməliyyatda iştirak etmiş 22 təyyarənin hamısı bazalara qayıdıb. Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.