Bu ilin ikinci rübünün yekununda Azərbaycanda fəaliyyət göstərən 21 bankın ümumi xalis mənfəəti 729,5 milyon manat təşkil edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 226,3 milyon manat və ya 44,9% çoxdur.
Belə ki, 2025-ci ilin ikinci rübündə bank sektorunun ümumi mənfəəti 503,2 milyon manat olub.
Ən yüksək mənfəəti 250,6 milyon manatla “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) əldə edib. Bankın sektorun ümumi mənfəətində payı 34,4% təşkil edib. İkinci yerdə 221,8 milyon manat mənfəətlə “Kapital Bank” ASC qərarlaşıb. Bankın ümumi mənfəətdə payı 30,4% olub. Üçüncü pillədə isə 67,7 milyon manat mənfəətlə “PAŞA Bank” ASC yer alıb. Bankın sektor üzrə payı 9,3% təşkil edib.
Beləliklə, yalnız bu üç bankın ümumi mənfəəti 540,1 milyon manata çatıb ki, bu da bank sektorunun ümumi mənfəətinin 74%-nə bərabərdir. Təkcə ABB və “Kapital Bank” birlikdə 472,4 milyon manat mənfəət əldə edib və sektor mənfəətinin 64,8%-ni formalaşdırıb.
Siyahının sonunda isə “AFB Bank” ASC qərarlaşıb. Bank ikinci rübü cəmi 0,2 milyon manat mənfəətlə başa vurub. Ondan əvvəl “Bank Avrasiya” ASC 0,9 milyon manat, “Bank Melli İran Bakı filialı” 2,3 milyon manat, “Azərbaycan Sənaye Bankı” ASC isə 3,4 milyon manat mənfəət əldə edib.
İllik müqayisədə 21 bankdan 13-ü mənfəətini artırıb, 8-i isə azaldıb. Mənfəət artımına görə lider “Unibank KB” ASC olub. Bankın mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə artaraq 6,9 milyon manatdan 17,2 milyon manata yüksəlib.
Mənfəəti məbləğ ifadəsində ən çox artıran bank isə ABB olub. Bankın mənfəəti bir il ərzində 95,1 milyon manat artıb. “Kapital Bank” isə mənfəətini 67,8 milyon manat artıraraq ikinci yerdə qərarlaşıb.
Ən böyük azalma isə “AFB Bank” ASC-də qeydə alınıb. Bankın mənfəəti 2,7 milyon manatdan 0,2 milyon manata enərək 13,5 dəfə azalıb.