Sosial şəbəkədə biz:

Belarusun keçmiş rəhbəri: “İlham Əliyev yüksək təhsilli insandır və yoxsulluqla mübarizə aparır”

20 March 2018, 17:08
Gündəm
Rusiya “şahinləri” ondan istifadə edirlər ki, Qərb siyasətçiləri müharibə və Rusiya ilə qarşıdurma haqqında bəyanatlarla çıxış etməkdən çəkinirlər. Qərbdə mövcud olan seçki sistemində qarşıdurmanın lehinə çıxış edən siyasətçini yenidən seçməyə də bilərlər. Bunu virtualaz.org-un əməkdaşı Aydın Kərimovla söhbətində Belarusun keçmiş rəhbəri, siyasətçi Stanislav Şuşkeviç deyib. “Rusiyanın siyasəti az savadlı, lakin məhdudiyyətsiz iddialı insanlar tərəfindən həyata keçirilir. 1991-ci ildə Belovejskdə konsensus əldə olundu və nəhəng imperiya bir damla qan tökülmədən dağıldı. O vaxtdan bəri Azərbaycan, Litva, Latviya və digər ölkələr təntənəli şəkildə müstəqilliklərini və dövlətçiliklərinin bərpasını qeyd edirlər. Lakin Rusiyada bu hadisə üzərində ən aqressiv formalarda imperiya hissləri aşılanır”, - Şuşkeviç iddia edir. Belarus siyasi xadimi hesab edir ki, məhz bu böyüklüyün sübutu dalğasında Krım ilhaq edilib. Krımdakı rusların Ukraynadan ayrılmaq arzuları barədə bütün söhbətlər ağ yalandır. Krım işğal olundu və bu ona görə baş verdi ki, ukraynalıların şərəfi onlara rus hərbçilərə atəş açmağa imkan vermədi. Ordu hələ dünən qardaş olduğu adamlara qarşı dura bilmədi. Rusiya hakimiyyəti isə bundan istifadə etdi. “Hazırda faktiki olaraq “soyuq müharibə” dövrü çatıb. Maraqlıdır ki, Bakıdakı VI Qlobal Forumda qlobal “soyuq müharibə”nin inkişafından qaçmaq imkanları da müzakirə olunub, belə ki, indi istənilən hibrid müharibə tez bir zamanda əsl savaşa keçə bilər. Mən ixtisasca fizikəm və nüvə silahının nə olduğunu bilirəm. Buna görə də, prezident olarkən ilk olaraq nüvə silahlarını ölkədən çıxardım. Adi silahlı müharibədən nüvə müharibəsinə keçid təhlükəsi çox böyükdür”, - Şuşkeviç bildirib. Onun fikrincə, müasir dünyada ən kritik problemlər Şimali Koreya və İran problemləridir. Bunlarla yanaşı, Şuşkeviç postsovet məkanındakı münaqişələri də qeyd edib. Bu, mümkün qədər tez bir zamanda həll edilməsi zəruri olan təhlükədir. Siyasətçi vurğulayıb ki, Bakı forumunda təmsil edilən ölkələr bu gün dünyanın barıt çəlləyi üstündə olmasından narahatlıqlarını ifadə ediblər. Suriyada baş verənlər çoxminlik qarşıdurmanın yalnız kiçik formatıdır. Suriyada “Vaqner” özəl hərbi şirkətindən 200 rusiyalı həlak oldu. Onlar qazanc xatirinə müharibəyə yollanmağa məcbur olmuşdular. Rusiya postsovet məkanındakı bütün münaqişələrin iştirakçısıdır. Kapitalist cəmiyyətində hakim elita iqtisadi problemləri siyasi hay-küylə ört-basdır etməyə çalışır. Dünyanın ən varlı ölkəsi olan Rusiyada 145 milyonluq əhalinin 20 milyon nəfəri yoxsuldur, oliqarxlar isə, yalnız rəsmi hesablamalara görə, ölkədən 1 trilyon dollar vəsait çıxarıblar. “Məni çox xoş tərzdə təəccübləndirdi ki, Azərbaycan 5%-lik yoxsulluqla mübarizə aparır. Bütün dünyada bu yoxsulluq səviyyəsi az qala norma kimi qəbul olunur. Prezidentiniz yüksək təhsilli insandır, hökumət isə yoxsulluğu aradan qaldırmaq üçün sosial layihələr hazırlayır”, - Şuşkeviç hörmətlə qeyd edib.