AYB-nin ayıbları...
Üstəlik, hal-hazırda Azərbaycan Yazıçılar Birliyində 84 illik tarixin əsl diktatura dönəmi yaşanır. Rəsul Rza 1 il, Mehdi Hüseyn 7 il, Süleyman Rəhimov 6 il (fasilələrlə), Səməd Vurğun 6 il (fasilələrlə), Mirzə İbrahimov 21 il (fasilələrlə), İsmayıl Şıxlı 1 il bu birliyin sədri vəzifəsini tutublar. Yazıçı Anar isə 31 ildir ki, (1987-ci ildən) fasiləsiz olaraq bu birliyin sədri vəzifəsində çalışır. Rəhbərliyində dəyişiklik olmayan birliyin fəaliyyətində hansı yenilikdən, nailiyyətdən söhbət gedə bilər ki?
Yaxşı olmazdımı Azərbaycan Yazıçılar Birliyində məhz nasirlər, şairlər, dramaturqlar, tənqidçilər, tərcüməçilər birləşsin? Onlar hər il, heç olmasa, bir müəllifin kitabını çap edib, onun təbliğatı ilə məşğul olsunlar və bu birlik həmin yazıçının məktəbinə çevrilsin. Yaxşı olmazdımı, birliyin fərdi təqaüdlər verən fondu olsun? Bu fond hər il, heç olmasa, bir müəllifə təqaüd ayırsın. Bu təqaüd ilbəil neçə-neçə yazıçının maddi şəraitini yaxşılaşdırsın və bu müəlliflər yeni əsərlər yazmağa daha çox vaxt ayırsınlar. Yaxşı olmazdımı, AYB dünya miqyaslı ədəbiyyat müsabiqələri təşkil etsin və məhz bu ölkənin bütün dünya ədəbiyyatına mükafat töhfəsi olsun? "Nobel" kimi, "Buker" kimi, "Pulitser" kimi bizdən də mükafat almağı arzulayan dünya ədibləri olsun. Bütün bunlar bir yana. Gənc ədiblərin nəsrə, şeirə qaçdığı bir vaxtda, gənc dramaturqların az qala tapılmadığı zamanda AYB gənc dramaturqların yetişməsi üçün niyə heç bir addım atmır? Birlik dramaturgiya dərnəkləri, seminarları, festivalları təşkil etməli, teatrlarla əməkdaşlıq qurub ölkəyə və xalqa yeni dramaturqlar təqdim etməlidir. Bütün bunlara nail olmaq üçün AYB kökündən dəyişilməlidir. İstedadı olmayan, ədəbiyyat adına fəaliyyət göstərməyən adamlar birlikdən kənarlaşdırılmalıdır. Bu yolda ilk addım birliyə qəbul üçün üzvlük haqqının ləğvi olmalıdır. Birlik, əsasən dövlət tərəfindən, qismən isə sənətin inkişafına dəstək olmaq istəyən şəxslər tərəfindən maliyələşməlidir. Ən əsası isə, birlik həm də özünün gəlir yerini formalaşdırmalıdır. Kitab nəşrini, satışını, tərcüməsini, yerli müəlliflərin əsərlərinin xarici dillərə tərcümə olunmasını və xarici ökələrdə satışını həm sənətə xidmətə, həm də gəlir yerinə çevirə bilməlidir və beləcə ayaqda durmağı bacarmalıdır.İndiki halda isə AYB-nin fəaliyyəti başdan ayağa ayıbdır. Adi üzvlük haqqından ötəri yazı yaza bilən hər kəsi birliyə üzv etmək bütün yazıçılara təhqirdir. İnsanların da bu birliyə üzvlük vəsiqəsi almağı bir uğur hesab etməsi, bunu bir titul kimi qəbul etməsi lap dəhşətdir.
Yazıçı boyunduruq quludursa, etiraz etməyi bacarmırsa, hakimiyyət eşqi ilə yaşayırsa, işğalçıdırsa, burda ədəbiyyatın adı keçə bilməz. Axı ədəbiyyat və ümumilikdə sənət həqiqətləri bədii dildə göstərmək üçün yaranıb. 31 il bir kürsüdə oturmaq və bu kürsünün 31 illik sahibinə mədhiyyələr yazmaq yazıçı əxlaqına sığışan iş deyil. Belə birlik AYB abreviaturası ilə yox, ən yaxşı halda ayıb sözü ilə tanına bilər. (Sputnik)