Azərbaycan siyasətçiləri Türkiyədə onu prezident seçdi
Türkiyədə keçiriləcək parlament və prezident seçkilərinə 11 gün qalır. Seçkilərə doğru keçən hər gün proseslər qızışır. Əsas diqqətlər parlamentdən daha çox prezident seçkilərinə yönəlib. Bütün dünyada olduğu kimi seçki kampaniyası Azərbaycanda da maraqla izlənir.
24 iyunda kimin qalib gələcəyi ilə bağlı mövqelər müxtəlifdir. Azərbaycan müxalifətinə və media nümayəndələrinə əgər səsvermə hüquqları olardısa, kimə səs verərdilər, yaxud kimin qalib gəlməsini istəyərdilər kimi suallarla müraciət etdik.
Düşünürəm ki, indiki məqamda və Türkiyənin qarşısına qoyduğu hədəflər və məqsədlərə görə Ərdoğan hakimiyyətdə qalmalıdır. Səsvermə hüququm olsaydı, Ərdoğana səs verərdim. Ərdoğan və AKP-nin qalib gəlməsi Türkiyəni daha da böyüdəcək və dünya dövlətləri sırasına çıxaracaq. Türkiyə artıq dünyanın başqa super-güclərinin diktələri ilə idarə olunmayacaq və yeni dünya düzənində söz sahibi olacaq. Türkiyənin dünya səviyyəsində söz sahibi olması Azərbaycanın strateji maraqlarına tam uyğundur”.
Tural Abbaslı: “Hüququm olsaydı, Ərdoğana səs verərdim”
AĞ Partiya başqanı Tural Abbaslı hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın seçkilərdə əsas favorit olduğunu düşünür: “Türkiyədəki seçki prosesini bütün azərbaycanlılar kimi mən də diqqətlə izləyirəm. Hər zaman demişəm, bu gün də təkrarlayıram ki, Türkiyə bizim üçün digər dövlətlərlə eyni sırada deyil. Türkiyədə baş verən istənilən mənfi və ya müsbət hadisə Azərbaycana da birbaşa təsir edir və edəcək. Bu, tarix boyu da belə olub. Hələ nəzərə alsaq ki, dövlət olaraq hansı dövlətlərlə əhatələnmişik, o zaman qardaş Türkiyənin önəmi daha da artır. Oradakı hazırkı seçki digər seçkilərlə müqayisədə çox əhəmiyyətlidir. Çünki ilk dəfədir ki, prezident və parlament seçkiləri eyni gündə keçirilir. Həmçinin bu seçkilər nəticəsində Türkiyənin parlamentar sistemdən prezident üsul idarəçiliyinə keçməsi mərhələsi yekunlaşacaq. Hazırkı vəziyyətdə görünən odur ki, rəqabət əsasən iki partiya AK Partiya və CHP arasında gedir.
Əli Əliyev: “İnşallah, Ərdoğan prezident seçilər”
VİP sədri Əli Əliyev Ərdoğanın qalibiyyətini istəyir: “Türkiyədəki seçkiləri diqqətlə izləyirəm. Orada baş verənlər bizi də, bütün Türk-İslam dünyasını da təsiri altında saxlayır. Türkiyənin aqibəti bizim də taleyimizdir. O baxımdan həm yeni prezidentin, həm də parlamentin tərkibi bizim üçün xüsusi önəm kəsb edir. Ərdoğan hakimiyyətdə olduğu dönəmdə tamamilə yeni Türkiyə-bağımsız və nəzarətsiz, daxili fitnə imkanlarından azad bir dövlət formalaşdırıb. Makro məsələlərin hamısında uğur əldə edilib. Türkiyə onun rəhbərliyi altında Beynəlxalq Valyuta Fondunun, NATO-nun, digər beynəlxalq çatıların diktəsindən qurtulub, bölgənin söz sahibi, tamamilə suveren bir vahidə çevrilib. Türkiyənin son illərdə üzləşdiyi fitnələrin paralel dövlət, rüşvət qalmaqalı, FETÖ çevrilişi, valyuta təzyiqləri, terror müharibəsinin ölkədaxili, Suriya, İraq uzantıları ilə faktiki müharibə, beynəlxalq diplomatik təzyiq və s. kimi maneələri yalnız Ərdoğan iqtidarı önləyə bilərdi. İşlər hələ bitməyib. Afrin qələbəsindən sonra Ərdoğanın iradəsinə tab gətirməyən ABŞ geri addım atdı Menbic problemi çözüldü saymaq olar. İndi sıra terrorist yuvası Qəndildədir. Hələ yüzlərlə natamam işlər növbəsini gözləyir. Türk dünyasının maraqları Ərdoğan AKP-si ilə MHP ittifaqının ”Cümhur" versiyasının iqtidarını istəyir. İnşallah, Ərdoğan prezident seçilər. Parlamentdə “Cümhur” ittifaqının üstünlüyünü arzulasam da, iqtidarın nəzarətdə saxlanması, avtoritarizmə yuvarlanmaması üçün mütləq üstünlüyünü istəməzdim. Bir neçə kəlmə Ərdoğanı sevməyənlərə söyləmək istərdim. Türkiyədə Azərbaycana ən yaxın siyasi qüvvə daim MHP olub. Bir halda ki, Baxçalı Ərdoğanı, onun siyasi xəttini dəstəkləməyə qərar veribsə, deməli, daxildən də milli qüvvələr AKP-nin düz yolda olduğu qənaətindədirlər. Ərdoğan strateqdir. Onun gördüyü işlər miqyas daşıyır. Əminəm ki, zaman keçdikcə, onun uğurları bizim də faydamıza işləyəcək. Biz isə kimdənsə deyil, özümüzdən təpər gözləməli, mübarizəni gücləndirməliyik. Biz ayaqda olduqda, dostlardan dəstək uma bilərik".
Aydın Quliyev: “Mövcud namizədlərdən birinə seçim etmək istəməzdim”
“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Türkiyədəki seçkiləri yaxından izlədiyini söylədi: “Türkiyə bizim üçün çox böyük əhəmiyyəti olan bir dövlətdir, həm geosiyasi, həm də etnik, mədəni birlik baxımından. Onun taleyinə laqeyd qala bilmərik. Bu nöqteyi-nəzərdən bu proseslərin bir azərbaycanlı kimi müsbət nəticələrlə bitməsini arzulayıram. Açığı deyim ki, indiki şəraitdə Türkiyədə hər hansı bir seçicinin yerində olmaq istəməzdim. Ona görə ki, olduqca mürəkkəb bir dövrdür. Türkiyə seçicisinin yerinə seçim etməyin nə qədər çətin olduğunu anlayıram. Hazırda seçici olsaydım, mövcud namizədlərdən birinə seçim etmək istəməzdim. Tək istəyim ondan ibarətdir ki, Türkiyə cəmiyyətində birlik pozulmasın, xarici və daxili siyasətdə bu hər zaman özünü göstərsin”.