YAP-ın yeni tikilən binasından oğurluq edildi - FOTOLAR
Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayonunda tikilməkdə olan yeni binasında oğurluq hadisəsi baş verib. Musavat.com-un əldə etdiyi məlumata görə, rayonun Seyfəddin Dağlı küçəsində YAP üçün tikilməkdə olan yeni inzibati binadan dəzgahlar oğurlanıb. Tikintisi yekunlaşmaqda olan binanın birinci mərtəbəsindən dəyəri 2 min manatdan çox olan dəzgahlar bir neçə gün əvvəl gecə saatlarında oğurlanıb. Nəzarətçinin diqətsizliyindən istifadə edən şəxs dəzgahları bir neçə dəqiqə ərzində aparmağa nail olub. Yasamal Rayon Polis İdarəsinin 26-cı bölməsindən faktı musavat.com-a təsdiqləyiblər. Əldə etdiyimiz məlumata görə, artıq oğurluq edən şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Təhlükəsiz Şəhər Xidməti və Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı oğurluq edən şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1983-cü il təvəllüdlü Pərviz Əliyev olduğu müəyyənləşdirilib. P.Əliyev artıq saxlanılıb.