Sosial şəbəkədə biz:

Əlillər metropolitendən şikayət etdi, cavab gəldi

16 November 2015, 15:14
Gündəm
Paytaxda düzəldilən pandusların əksəriyyəti başdansovdu hazırlanıb və yolaverdi xarakter daşıyır. Demək olar ki, biz onlardan istifadə edə bilmirik. O pandusları tikən adamı əyləşdirin bizim arabaya, görək o, həmin pandusdan sağ-salamat aşağı düşə bilərmi? Əlbəttə, yox.   Bu sözləri Axar.az-a Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində təlim alan bir qrup gənc əlil deyib.   Onlar paytaxtda pandusların olmamasından, olan yerlərdə isə çox dik hazırlanmasından şikayət edirlər:   “Əlillər üçün nəzərdə tutulan panduslar olduqca dik və  təhlükəlidir. Normalda həmin panduslardan əlillər təkbaşına istifadə etməli olsalar da, paytaxda inşa edilmiş pandusdan istifadə üçün minimum 3 nəfərin köməyi lazımdır. Bu isə əlil şəxsin sərbəst hərəkət etməsinə daha bir maneə yaradır”.   Mövzu barədə Bakı Metropoliteni QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevlə əlaqə saxladıq.   O bildirdi ki, metrostansiyaların giriş və çıxışlarının pandusla təmini mövcud vəziyyətdə bir qədər real görünmür:   “Metrostansiyaların əksəriyyəti sovet dönəmində tikildiyindən layihələrdə fiziki məhdudiyyətli insanlar, əlillər üçün panduslar nəzərə alınmayıb. Ümumilikdə, biz onlar üçün stansiyalarımızda şərait yaratmaq istəsək də, mövcud vəziyyətdə bu, o qədər də real görünmür”.   Xidmət rəhbərinin sözlərinə görə, Bakı Metropoliteni QSC bundan sonra tikilən stansiyalarda əlillər üçün bütün şəraitin yaradılmasını nəzərə alacaq:   “Yeni tikilən və tikilməsi nəzərdə tutulan bütün stansiyalarımızda əlilliyi olan şəxslər üçün xüsusi liftlər quraşdırılıb. Lakin bu şəraiti digər stansiyalarda da edə bilmirik. Köhnə stansiyalarda bu liftlərin quraşdırılması qeyri-mümkündür. Sadəcə, bundan sonra tikiləcək yeni stansiyalarımızda əlillər üçün yaradılması lazım olan bütün şəraiti nəzərə alacağıq”.   Qeyd edək ki, fiziki məhdudiyyətli şəxslər və əlillər hazırda pandusdan yalnız “Koroğlu” metrostansiyasında istifadə edə bilirlər.