Vurulmuş bir rus təyyarəsinin arxasında böyük geosiyasi oyunlar var
Fazil Mustafa: "Türkiyənin uzun müddət bu davranışı həzm etməsi mümkün ola bilməzdi"
Elşən Mustafayev: "Yaxın Şərqdə artıq böyük güclər ön plana çıxır və aralarındakı münasibətlərə aydınlıq gətirirlər"
Türk "F-16"larının vurduğu rus təyyarəsi ilə bağlı yaranan gərginlik davam edir. Ankaranın iddialarına əsasən, Türkiyə sərhədlərini dəfələrlə pozan rus təyyarəsinə 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edilsə də, pilotların buna əhəmiyyət verməməsi bu cür ağır sonluqla nəticələnib.
Qeyd edək ki, ruslar bundan əvvəl də Türkiyə hava sərhədlərini pozmuş və Ankara NATO-nu müzakirəyə çağırmışdı. Moskva həmin vaxt sərhəd pozulmasının "texniki xəta" olduğunu bildirmişdi. Bu ilk insidentdən sonra döyüşə hazır vəziyyətə gətirilən Türkiyə hərbi qüvvələri eyni hadisənin təkrarlanacağı təqdirdə təyyarələrə atəş açacağına eyham vurmuşdu. Görünür, Türkiyənin xəbərdarlıqları qulaqardına vuran Rusiya təyyarələrinə bu cür "qulaqburması" verməkdən başqa çarəsi qalmayıb.
Sözsüz ki, Türkiyənin bu addımı olduqca risqlidir. Qardaş ölkənin özü də zaman-zaman nəzarətsiz qalan Suriya torpaqlarına girmək məcburiyyətində qalır. Mümkündür ki, Rusiya da müttəfiqinin hava sərhədlərinin pozulmasını əsas gətirərək türk təyyarələrini vursun. Bu isə adı qoyulmamış yeni rus-türk müharibəsinin başlanması deməkdir.
Bu gərginlik hansı sonluqla bitə bilər?
Millət vəkili Fazil Mustafanın sözlərinə görə, hamı həyəcanla soruşur ki, Türkiyənin Rusiya təyyarəsini vurmasının nəticələri nə ola bilər?
"Nəticəni proqnozlaşdırmaq nə qədər çətin olsa da, anlaşılan bir məqam var ki, Türkiyə Suriya siyasətində aktiv mövqeyə keçmək üçün Rusiyanın təxribatından faydalanmağa üstünlük verdi. Onsuz da türkmən məsələsinə görə artıq bu iki dövlətin üz-üzə gəlməsi qaçılmaz idi. Bu üz-üzə gəlmə Suriya sərhədləri içində olsaydı, NATO-nu bu qarşıdurmada tərəf cinahında görmək xeyli çətin olacaqdı. Təyyarə NATO-ya üzv olan dövlətin ərazisini pozduğuna görə vurulmuşsa, o zaman 5-ci maddənin avtomatik tələbləri yerinə yetirilməli və ümumi olaraq NATO hüdudlarına müdaxilə kimi dəyərləndirilməlidir. Türkiyə İraqda Tel Aferdən İŞİD tərəfindən sıxışdırılıb çıxarılan türkmənlərə görə qəti addım atmasa da, Suriya türkmənləri üçün ona görə qəti mövqe ortaya qoyur ki, Türkmən dağı itirildikdən sonra Rusiya və İran gücləri birbaşa Türkiyə ilə sərhədə nəzarət edə bilirlər, artıq Türkiyə Suriyada aktiv aktor olmaqdan çıxır. Eyni zamanda, gələcəkdə kürdlərin Aralıq dənizinə çıxması üçün əsas əngəl ortadan qaldırılır və burada dənizə açılan kürd dövlətinin yaranması risqi daha da böyüyür. Son vaxtlar Rusiya ümumiyyətlə Türkiyə ilə məsxərə üslubunda davranırdı və Türkiyənin uzun müddət bu davranışı həzm etməsi mümkün ola bilməzdi. Fikrimcə, bu risqli addımdan sonra Türkiyə Rusiya təyyarəsinin hava sərhəddini pozması ilə bağlı sübutların geniş təbliğatına başlamalıdır və ən azı, NATO-nun, xüsusilə də ABŞ-ın dəstəkverici mövqeyini gücləndirməlidir. Ümid edək ki, faciəli nəticələr olmaz, ancaq bəzən qüruru qorumaq üçün özündən güclüyə birinci yumruq atmalı olursan...".
Azərbaycan Milli İstiqlal Partiyasının sədr müavini Elşən Mustafayev hesab edir ki, Ankaranın bu qədər risqli addım atmasının səbəbləri var və bu, təkcə rus təyyarəsinin onun hava sahəsini pozması ilə bağlı deyil:
"Suriya-Rusiya-İran koalisiyasının Türkmən dağında apardığı hərbi əməliyyatlar qardaş ölkəni istənilən risqlərə getməyə vadar edir.
Türkiyə sərhədlərinin 5 km-liyində yerləşən Türkmən dağının alınması Suriyada yaşanacaq hadisələrin Ankaranın tam nəzarətindən çıxması deməkdir. İstər Rusiya, istərsə də Suriya bu bölgəni ələ keçirdikdən sonra tamamilə kürd separatçılarına ötürə bilərlər. Nəticədə Türkiyənin sərhədlərində onun torpaq bütünlüyünü təhdid edən kürd dövləti yaranar. Təbii ki, bütün hadisələrin özünə qarşı cərəyan etdiyini görən Türkiyə oynanan bu oyunu pozmağa çalışır.
Görünən budur ki, iqtisadi və geopolitik maraqların çarpışdığı Yaxın Şərqdə artıq böyük güclər ön plana çıxır və aralarındakı münasibətlərə aydınlıq gətirirlər. Türkiyənin rus təyyarəsini vurması bu mənada mübarizənin yeni mərhələsinə keçiddir".
Məhəmmədəli QƏRİBLİ