Keçmiş millət vəkili DSMF-nin ləğv edilməsini təklif edir
“Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ləğv olunmasının tərəfdarıyam.”-bu fikirləri Belediyye.info saytına Milli Məclisin keçmiş üzvü, iqtisadşı-ekspert Nazim Məmmədov bildirib. Onun sözlərinə görə, “təhlillərimiz onu deməyə əsas verir ki, öz-özünü maliyyələşdirən bir qurum kimi, fond özünü təsdiq edə bilmir, təkcə 2010-cu ildən bu ilə qədər dövlət büdcəsindən aldığı dotasiya iki dəfədən çox artıb. Ümumilikdə isə 2006-cı ildə büdcədən aldığı dotasiya 275 milyon manata yaxın idisə bu il 1 milyard 100 milyondur.”
İqsisadçı ekspertin sözlərinə görə, DSMF-nin inkişafı ilə bağlı dövlət proqrammında nəzərdə tutulmuşdu ki, 2015-ci ilə özəl pensiya fondları yaradılacaq. .Əfsuslar olsun ki, kağız üzərində qalıb. 2 milyon 300 min sosial sığorta ödəyicisi qeydiyyata düşməsinə baxmayaraq hələ də iqtisadi fəal əhali sosial sığorta qeydiyyatından kənar hissəsi 2 milyondan da çoxdur.
Nəzərə alsaq ki, qeydiyyata düşən sığortaçıların təqribən 800 min nəfəri aqrar sektorda pay torpaqları olanlardır, onlar da demək olar ki, cüzi sığorta haqqı ödəyirlər, statistika çox pis görünür. Ona görə DSMF-nin vergiyığma (sosial sığorta haqqı əslində sosial vergidir) funksiyası Vergilər nazirliyinə verilməklə, digər funksiyaları “Asan xidmət”ə verilsə daha effektiv idarə etmək olar.
Bələdiyyələrin bu istiqamətdə yaranan problemlərinə toxunan Nazim Məmmədov bildirib ki, bələdiyyələrin problemi daha dərindir, əslində yerli icra hakimiyyəti orqanlarının gəlirli sahələri, idarəetməni öz əllərində saxlamaları bir tərəfdən, yerli özünü idarəetmə orqanı olaraq bu qurumlara maneçiliklər törədir.
Torpaq komitəsinin illər boyu bələdiyyələrin torpaqlarına xəritələrin verməməsi, onların funksiyalarını müxtəlif rəylərlə məhdudlaşdırması bələdiyyələrin funksionallığına ciddi ziyan vurdu. Komitə ləğv olunandan və Əmlak komitəsinə veriləndən aylar keçməsinə baxmayaraq vəziyyət daha da pisləşib. Əvvəlki strukturlarda olan süründürməçiliklərə qeyri professionallıq da ayrıca bir problem yaradıb. Mətbuatda gedən yazılardan belə qənaətə gəlmək olar ki, ƏMDK təkcə sahibkarlığa tormoz deyil, həm də yerli özünüidaretmə qurumu olan bələdiyyələrə maneçilik etmək üçün bir çox "sxemlər" düşünməklə məşğuldur.
Hər kəsə aydın olmalıdır ki, bələdiyyələr öz mülkiyyətində olan torpaq və əmlaka münasibətdə müstəqil olmalı, onların fəaliyyətinə çoxsaylı nəzarət sisteminin qurulması bu qurumun ancaq "eybəcərləşməsinə" və icra hakimiyyəti orqanlarından daha da asılı olmasına gətirib çıxardır. Hakimiyyət bir çox sosial problemlərin həllini bələdiyyələrə verməkdə maraqlı olmalıdır. Bu da söz yoxdur ki, müstəqil bələdiyyələrin fəaliyyətindən keçir.