Sərxoş Təranə, fürsətcil TV-lər və davakar DYP inspektoru - Asif Mərzili
...ATV məlumat yayıb ki, tanınmış prodüser Təranə Səmədova Bakıda sükan arxasında sərxoş vəziyyətdə saxlanılıb. Belə ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları Nəsimi rayonu ərazisində, Hüseyn Seyidzadə küçəsində "Hyundai" markalı avtomobilə "Saxla!" əmri veriblər. Sürücü əmrə tabe olmayıb və qaçmağa cəhd göstərib. Yol polisi avtomobili təxminən 3-4 kilometrdən sonra süni tıxac yaratmaqla saxlaya bilib. Məlum olub ki, sürücü, tanınmış prodüser Təranə Səmədova spirtli içki qəbul edib. Avtomobildən düşmək istəməyən Təranə Səmədova növbəti dəfə qaçmağa cəhd edib və bu zaman "Tofaş" markalı başqa bir avtomobili əzib. Yol polisi əməkdaşı Pərviz Musayev sürücünün tabe olmadığını bildirib: "Sürücü bilərəkdən tabe olmadı və hərəkət sürətini artırdı. Dəfələrlə ziq-zaqvari manevr hərəkətləri edərək, məsuliyyətdən qaçmağa çalışdı. Amma sürücü tərəfimizdən operativ şəkildə süni tıxac vasitəsilə saxlanıldı".
Təranə Səmədova sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinədən imtina edib.
Əraziyə Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hadisə yerinə tanınmış meyxanaçı Pərviz Bülbülə də gəlib. Təranə Səmədova onun avtomobilinə əyləşmək istəsə də, onun ərazidən uzaqlaşa biləcəyindən ehtiyatlanan polis əməkdaşları buna mane olublar.
Post Patrul Xidmətinin əməkdaşları Təranə Səmədovanı məcburi qaydada tibbi müayinəyə aparıblar. Faktla bağlı protokol tərtib edilib, avtomobil isə cərimə meydançasına yerləşdirilib.
DYP inspektorunun efirə ötürdüyü zərərli təbliğat...
DYP əməkdaşlarının qadın sürücülərlə bu cür davranmasına, təəssüflər olsun ki, son vaxtlar çox rast gəlirik. Halbuki bu vəziyyətlərdə başqa, daha əhəmiyyətli və tərbiyəvi üsullardan istifadə oluna bilər. Və təəssüflər olsun ki, DYP əməkdaşları qadın sürücülərin belə davranışlarını TV efirindən sui-istifadə etməklə efirləşdirib ictimailəşdirməklə zərərli təbliğata yol açırlar. Guya ki, qadın sürücü ilə süpürləşənlər əllərini badələrə uzatmırlar və sükan arxasına da keçmirlər. Vallah, küpəsinə girənləri də çox görmüşük və bilirik... Amma təəccüblü olan budur ki, konkret halda, qadın sürücü ilə başqa cürə rəftar etmək olardı və onun şəxsi həyatı ilə bağlı problemləri efirə verilməzdi, işgüzar nüfuzu zədələnməzdi, ictimaiyyətə də zərərli təbliğat ötürülməzdi. Bəlkə bir qadın sürücünün sərxoşluğunun ictimailəşdirilməsindən sonra bu zərərli hala meyillilərin sayı azalacaq? Əksinə, yəqinki “yatmışları” da oyadıblar. Elə olsaydı, narkomanların acınacaqlı vəziyyətinə dair minlərlə sujet verilib, amma onların sayı nəinki azalır, getdikcə artmaqdadır.
Sözümün mətləbi var: DYP əməkdaşları niyə həmişə belə mənfi təbliğata yüklü halları ictimailəşdirirlər? Bəlkə əksini etmək DYP adına daha çox hörmət qazandırar? Bir gün TV-lər belə bir veriliş yayımlasalar ki, məsələn, DYP inspektoru sərxoş qadın sürücü ilə belə davranıb: inspektor qadını xətir-hörmətlə avtomobilindən düşməyə dəvət edib, sonra özü sükan arxasında əyləşərək onu özünün (qadının) avtomobili ilə evinədək müşyiət edib aparıb. Səhəri gün həmin xanım sürücü şöbəyə gəlib və qanuni cəza tədbirlərinə tabe olub, cəzalandırılıb və sair.
Bu cür sujet DYP-yə də, həmin inspektora da hörmət qazandırar, imicini qaldırar. Əksinə, şou aləminə bağlı xanımla (bildiyimə görə, o, valideynlərini erkən itirib, acınacaqlı həyat sürüb) o cürə rəftar və bu rəftarı da efirləşdirib aləmə car cəkmək... Külli-aləm belə işə heç vaxt bəraət qazandırıb həmin o DYP əməkdaşına “malades” deməz. Ən azı ona görə ki, qadınla qadın kimi rəftar olunmalıdır, ona zərif məxluq gözü ilə baxılsa, serjantın paqonu sökülərdimi? Onsuz da o, xanımın avtomobili cərimə meydançasına aparılıb, özünü də cərimələyiblər və s. Daha bunu hələ bir efirləşdirmək kimə lazım idi?
Yol Polisi əməkdaşlarını yoldan çıxaran 25 faizlik cərimə payı...
Neçə il əvvəl qərar verildi ki, “QAİ”lərin rüşvətə meyilliliyinə qarşı kəskin mübarizə aparmaq üçün sürücülərə yazılan cərimələrin 25 faizi onlara mükafat kimi verilsin (Dünyanın hansısa ölkəsində belə anormal qərarın olmasına hələki rast gəlməmişəm). Zənnimcə, bu qərar Yol polisi əməkdaşlarını əməllicə yoldan şıxarıb. Həmin qərar veriləndən bəri sürücü-yol polisi arasındakı qədim və ənənəvi xətir-hörmət yoxa çıxıb. Məsələ ondadır ki, əvvəlki illərlə müqayisədə qanunlar olduqca sərtləşdirilib, qaydalar onqat möhkəmləndirilib, cərimələr də onqat artırılıb, amma qayda pozuntularının sayı nəinki azalıb, əksinə, onqat artıb. Niyə? Axı əksinə olmalı deyildimi? Nə baş verir? Bəlkə süni protokollaşdırma var ölkədə?
Ən vacibi, necə olur ki, Milli Məclis, Nazirlər Kabineti Dövlət büdcəsinin vəsaitləri barədə hər il ictimaiyyət qarşısında hesabat verir, amma ildə yüz milyonlarla manat pul yığılan, Azərbaycan ailəsinin cibindən-boğazından qoparılan cərimə vəsaitləri necə və hara xərclənir, bunu heç kim bilmir? Halbuki sürücülər il ərzində həm də 100-150 manat sığorta, yol fondu, “texsmotr” ödəmələri də edir.
Bu yaxınlarda Tiflisdə işgüzar səfərdə idik. Tiflisin mərkəzi yolları çox dolaşıqdır... Bizi müşayiət edən sürücü Qogi Saakaşvilidən ay ərzində nə qədər cərimə verdiyini soruşduq. Güldü:
-Siz ildə nə qədər cərimə verdiyimi soruşun...
-Yaxşı, bəs ildə?
-(Yenə də gülür). Mən son 4 ildə cəmi 60 lari cərimə ödəmişəm (təxminən 28 manat.Red.). Amma bu ilin mayında Bakıda keçirilən Olimpiya yarışmasına görə səfərdə olduq, qayıdanda mənə dedilər ki, sənin 580 lari radarın var...
***
Bu da beynəlxalq rəy... Və DYP rəhbərliyi bilməlidir ki, Azərbaycan sürücüsünün ödədiyi bu “bespredel” cərimələr (evdən çıxan kimi sürücü qorxu və həyəcan keçirir, DYP avtomobili görəndə başını itirir. Çünki onların yazdığı cəriməyə sorğu yoxdur...) sürücülərin şəxsi vəsaitidir və güzəranı tıxaclı Bakıda “Qırmızı işıqda keçdin” bəhanəsilə bir göz qırpımında cərimə yazılan sürücünün ailə büdcəsi borca dirənir... Onsuz da zəif sosial durumlu Azərbaycan ailəsi bu yüksək və süni cərimələrlə daha da pis duruma düşür. Bəzən cinayət törədib həbsxanaya düşən də belə gərginlik içində olmur. Ayda 200-300 manat maaş alan (qazancı olan) sürücü-vətəndaş ayda 300-400 manat cərimə ödəyirsə, deməli, ortada nəsə problemli məsələ var. Bu nə vaxta kimi davam edəcək, insanlar cərimələrlə üz-üzə qalacaq? Qanun sərtləşdirilir, amma protokolların sayı azalmır. Bu nə absurd vəziyyətdir? Deməli, qanunların sərtləşməsinin mətləbə, yəni cərimələrin sayının azalmasına dəxli yoxdur. Cəza o vaxt sərt olur ki, qayda pozuntusuna az yol verilsin. Bizdə əks proses baş verirsə, deməli, bu qanun sərtləşməsinin yalnız daha çox cərimələnmələrə, yəni DYP əməkdaşlarına xeyri var. Cərimələrin sayı qayda pozuntusunun sayına bərabər kimidirsə, deməli, qanunlardakı dəyişikliklərin ümumi vəziyyətə dəxli yoxdur. Təkcə DYP əməkdaşlarının cərimələrdən aldığı 25 faiz paydan savayı.
Təsəvvür edirsinizmi, indi kimi dindirirsən, qonum-qonşudan borc alıb cərimə ödəməsindaən danışır... İki ali təhsilli, 20-30 il vəkillik, hüquqşünaslıq, hakimlik... təcrübəsi olan hakim 2-3 ay araşdırma aparıb mülki işə baxır və sonda Dövlətin adından 100-200 manat cərimə qərarı qəbul edir... Hakim qarşı tərəfə bu qərardan apelyasiya, kassasiya... qaydasında şikayət etmək imkanı da verir... Kollec bitirən serjant isə bir göz qırpımında “Qaydanı pozdun!” iddiası ilə sürücüyə 150-300, bəzən daha çox məbləğdə cərimə müəyyən edir və sürücünün özünü müdafiə imkanları bu halda sıfır olur. Çünki serjant belə düşünür, ona belə başa salıblar...
Neçə gün əvvəl Tbilisi prospekti ilə şəhər istiqamətinə gəlirəm (yanımda iki professor və bir yazıçı əyləşib). Prospeklə Həsən Əliyev küçəsinin kəsişməsində (25 noyabr, saat 12-45) sıxlıq var. 5 istiqamətdən baş yola daxil olan sürücülər işıqfora demək olar riayət edə bilmirlər... Yolun sağında (buradakı “zapravka”nın qarşı tərəfində) bir DYP avtomobilində 3 inspektor əyləşib yola nəzarət etmək əvəzinə “ov” gözləyir... Tıxacdan canımızı təzəcə qurtqrmışdıq ki, həmin DYP 4-5 avtomobili, bu sırada məni də saxladı ki, “Qırmızı işığı keçmisiniz, protokol yazıram”. Yazdı da... Amma mən məcbur olub jurnalist olduğumu, DYP əməkdaşı kimi onun (onların) vəziyyəti kənardan seyr etməsini gördüyümü və bunun Təlimata zidd olduğunu bildirsəm də, sonda qırmızı işığı bəhanə edən serjantın (döş nişanı 0388) qıpqırmızıca protokol yazmasının əsassız və məntiqsiz, hətta qanunsuz olduğunu başa sala bilmədim... Amma həmin protokoldan yuxarı rəhbərliyə şikayət vermişəm... Bu barədə başqa yazıda bəhs edəcəyəm.
Güman edirəm, bu vəziyyət belə davam edə bilməz, ölkəni cərimə bəlasına sürükləyənləri yerində oturtmağın vaxtı çatıb. Prezidentin məsələyə müdaxiləsinimi gözləyirlər???
P.S.Prodüsser xanımın məlum videsundan görünür ki, qadın sürücü ilə dartışanlar serjantlardır... Zabit heyət heç vaxt belə hallara yol vermir, hər bir situasiyaya təmkinli, peşəkar münasibət bildirirlər...
P.P.S.Bu gün xanım prodüsser Lent.az-a açıqlama verib ki, o, sərxoş olmayıb, sadəcə, maşını həbsdə olduğu üçün saxlamaq istəməyib, bu da DYP əməkdaşlarını özündən çıxarıb