RƏSULZADƏNİ TƏHQİR EDƏN DEPUTATIN AMİP-lə HANSI ƏLAQƏSİ OLUB?
Azinforum.az xəbər verir ki, Gəncədən deputat seçilən Naqif Həmzəyevin Məhəmməd Əmin Rəsulzadə barədə səsləndirdiyi fikirlər ətrafında yaranan ictimai narazılıq kütləvi xarakter alıb. Sosial şəbəkələrdə deputat işlətdiyi fikirlərə görə ciddi ictimai qınaqla qarşılaşıb. Hətta vəziyyət o həddə çatıb ki, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis bəy deputatı məhkəməyə verəcəyini bildirib. Narazılığın artdığını görən millət vəkili açıqlama verərək, bütün günahı məqaləni yazan "Yeni Müsavat"ın xanım müxbirinin üzərinə yıxmaq istəyib: “Orada xanım jurnalistin təqdim etdiyi kimi, təhqiredici ifadələrdən qəti istifadə olunmayıb. Müəllif həmin söhbəti təhrif edib və mənə qarşı açıq qərəz nümayiş etdirib. Səsləndirmədiyim əksər fikirləri mənim adımdan verib. Çox təəssüflər…”.
“Yeni Müsavat”ın yazdığına görə, Naqif Həmzəyev qəzetin əməkdaşına Rəsulzadənin vətən xaini adlandıraraq, onun büstünün Gəncədə deyil, ilk respublikanı Tiflisdə qurduğu üçün orada qoyulmasını lazım bildiyini vurğulayıb. Naqif Həmzəyevin “Rəsulzadə yaxşı kişi olsaydı arvadına sahib çıxardı” sözlərini işlətdiyi də bildirilir. Azinforum.az Natiq Həmzəyevin keçmişi ilə maraqlanıb. Məlum olub ki, millət vəkili bir müddət Azərbaycanda siyasətlə məşğul olan rusiyalı general İlqar Qasımovla yaxın münasibətdə olub. Onun keçmişdə Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) ilə də yaxın münasibətdə olmasına dair məlumatlar dolaşır. Azinforum.az bu istiqamətdə apardığı araşdırma nəticəsində müəyyən edib ki, Naqif Həmzəyev AMİP-in rəsmi üzvü olmasa da, 2002-2003-cü illərdə partiyanın mətbu orqanı olan "Millət" qəzetində çalışıb.