Türkiyə Qarabağ üçün nə edib? - MÖVQE
Dekabrın 3-də Azərbaycanda səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkəsinin Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqeyi bir daha bəyan edib. Baş nazir bundan öncəki çıxışlarında olduğu kimi qeyd edib ki, Türkiyə Qarabağ probleminin həllində sona kimi Azərbaycanın yanında olacaq.
“Azərbaycanın işğal altındakı torpaqları qaytarılana qədər Türkiyə Azərbaycana verdiyi dəstəyi davam etdirəcək. Mən burada Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi, ədalətli və davamlı sülhün təmin olunması istiqamətində atılacaq hər addıma dəstək verəcəyimizi bir daha bəyan etmək istəyirəm”-deyə Davudoğlu Bakıda çıxışı zamanı bildirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışlarında dəfələrə Qarabağ məsələsində Azərbaycanın yanında olduğunu bəyan edib. Digər rəsmilərin çıxışlarından göründüyü kimi, Türkiyə rəsmi formada Azərbaycanın yanındadır. Bəs, real olaraq Ankara Qarabağın azadlığı uğrunda ciddi addımlar atıbmı?
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu hesab edir ki, Türkiyənin Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyi ritorikaya hesablanıb: “Davudoğlunun bu dəfəki mövqeyi hər zamankının təkrarıdır. Vaxt olub ki, Türkiyə Dağlıq Qarabağla bağlı daha sərt bəyanatlar verib. Hesab edirəm ki, Türkiyənin Dağlıq Qarabağla bağlı mövqeyi sadəcə bəyanatlar üzərində qurulub”.
Politoloqun fikrincə, bizim üçün Türkiyə ilə münasibətlərdə vacib olan məsələ Qarabağ probleminin həlli istiqamətində Ankaranın Azərbaycana hərbi dəstək verməsidir. Necə ki, Rusiya bunu Ermənistana edir...
“Azərbaycan hərbi yolla Dağlıq Qarabağ məsələsini həll etsə, Türkiyə tərəfindən tam dəstək verilməlidir. Ortada bu, bəyanat yoxdursa, digərləri ritorikadır. Hesab edirəm ki, Türkiyə tərəfi qeyd etdiyim formada bəyanatı çoxdan verməli idi. Ona görə Türkiyə Dağlıq Qarabağla bağlı mövqeyinə yenidən baxsa daha faydalı olar”, - deyə M. Əhmədoğlu vurğulayıb.