Bazarlarda manat xaosu: İstehsalçı şirkətlər sifarişi dayandırıb
Azərbaycanda manatın məzənnəsinin dollarla nisbətdə enməsindən sonra alış-verişə çıxan alıcıların bir çoxu ərzaq mağazalarının bağlı qapıları arxasında qalıb.
Buna səbəb, bazarlarda bir çox məhsulların satışının dayandırılması olub. BBC Azərbaycancanın Bakının 28 may metrosu ətrafında apardığı müşahidələr zamanı məlum olub ki, ərzaq məhsullarının topdan və pərakəndə satış dükanlarının bəziləri gün ərzində bağlanıb. Danışdığımız dükan sahibləri isə iri şirkətlərin, o cümlədən Azərsun Holding şirkətinin onlara topdansatışı dayandırdığını deyib. Bəzi təhlilçilər bu vəziyyəti “təbii və real” hesab edir. Bazar ertəsi Mərkəzi Bankın üzən məzənnə rejiminə keçməsindən sonra dolların məzənnəsi 47 faizdən çox artaraq 1 manat 55 qəpiyə qalxıb.İri şirkətlər sifarişlərin qəbulunu dayandırıb
Alıcılardan biri 2 kiloqram düyü almaq üçün bir neçə mağazaya baş çəkdiyini deyir. “Bayaqdan bir neçə mağazaya getmişəm. Hamısı bağlıdır. Bir dənə açıq mağaza tapdım, ordan aldım”, Bakı sakini bildirir. Fəaliyyətlərini dayandıran ərzaq mağazaların sahibləri bunu iri istehsalçı şirkətlərin, əsasən Azərsun Holdinq və Veysəloğlu Şirkətlər Qrupunun sifarişlərin qəbulunu dayandırması ilə əlaqələndirirlər. Azərsun Holdingin mətbuat katibi Afiq Səfərov manatın qiymətinin sürətlə aşağı düşməsi səbəbindən, məhsulların qiymətinin tənzimlənməsi tam başa çatdıqdan sonra satışın bərpa olunacağını deyir. “Hazırda tərəfimizdən müzakirələr aparılır, qərar hələ ki verilməyib, olan kimi açıqlama veriləcək. Qərar gün ərzində veriləcək”, o deyib. Topdansatış mərkəzlərinə sifarişlərin çatdırılmasını müvəqqəti dayandıran Veysəloğlu Şirkətlər Qrupunun nümayəndəsi də məsələ ilə bağlı son qərarın verilməsinin gözlənildiyini açıqlayıb. Alıcıların sözlərinə görə, iri mağaza şəbəkələrində qiymət artımı hiss olunmayıb. Mağazaların və bazarların fəaliyyətinin dayandırılmasına təkcə paytaxtda yox, rayonlarda da rast gəlinib. İsmayıllı rayonunda bahalaşmadan narahat olaraq bazara gedən sakinlərə alış-veriş etməyə imkan verilməyib. Sosial şəbəkələrdə yayılan məlumatlarda, Masallı, Quba, Bərdə, Gədəbəy, Lənkəran, Göyçay və Şəkidə də dükan və mağazaların ərzaq satmaqdan imtina etdiyi, həmçinin elektrik və tikinti məhsullarının satışının dayandırıldığı yazılır. BBC Azərbaycancanın mövcud vəziyyətlə bağlı sorğusuna İqtisadiyyat və Sənaye nazirliyindən cavab almaq mümkün olmayıb.Kirayə pulunu
BBC Azərbaycanca, apardığı müşahidə zamanı mobil telefonlar, elektron cihazlar və texniki avadanlıqların satışını həyata keçirən böyük mağaza şəbəkələrinin də gün ərzində satışı tam olaraq dayandırdığını aşkar edib.