Sosial şəbəkədə biz:

Nardaran hadisələrinə görə bir nəfər də həbs olundu

23 December 2015, 14:18
Gündəm
Nardaranda baş verən silahlı insidentlə bağlı daha bir nəfər tutulub. Cəbrayıl rayon sakini Bəhramov Nahid Nəsib oğlu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Məlumata görə, N.Bəhramov Taleh Bağırovun tərəfdaşlarından olub. Hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində onun Taleh Bağırovla bir neçə dəfə telefon əlaqəsi yaratdığı ortaya çıxıb. Lakin N.Bəhramov Nardaranda baş vermiş hadisələr zamanı orada olmayıb. Bundan əlavə, N.Bəhramov 2012-ci ildə Bakıda Təhsil Nazirliyinin binası qarşısında keçirilən “Hicaba azadlıq!” aksiyasında da iştirak edib və həmin vaxt həbs edilənlər sırasında olub. O, Cinayət Məcəlləsinin 214.2.1-ci (Terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və digər maddələrinə əsasən təqsirləndirilir. Qeyd edək ki, noyabrın 26-da Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları tərəfindən xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Nəticədə polisə müqavimət göstərən 4 nəfər öldürülüb, bir neçə nəfər yaralanıb. Hadisə nəticəsində 2 polis əməkdaşı həlak olub. Taleh Bağırov başda olmaqla dəstənin 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib (APA).