Xalça Muzeyində sehrli anlar yaşanacaq
Aprelin 17-də Azərbaycan Xalça Muzeyində sehrli anlar yaşanacaq. Paytaxt sakinləri Xalça Muzeyinin qarşısında 1-ci Avropa Oyunlarının təbliği məqsədilə hazırlanan xüsusi Fleş - mob izləyəcək. Daha sonra muzeydə “Milli İrs Mükafatı” laureatlarının mükafatlarının mərasimi keçiriləcək. Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin iştirakı ilə keçiriləcək tədbirdə “Şəki-məftun edən şəhər” kitabının təqdimatı olacaq. Tədbirdə “Milli İrs” mükafatının qalibləri 3 nominasiyada, Mədəniyyət və Turizm Nazirliyinə tabe təşkilatların 5 əməkdaşı isə xidmətdə fərqləndiklərinə görə mükafatlandırılacaq. Sehrli anların ən yadda qalan hadisəsi xalça stereotiplərini qıran rəssam Faiq Əhmədin sərgisinin təqdimatı olacaq. Sərgidə rəssamın yeni üsulla hazırlanan və ənənəvi xalçalardan tamamilə fərqlənən işləri nümayiş olunacaq. Qeyd edək ki, ənənəvi xalça dilini universal incəsənət dilinə çevirərək hamını bu sehrli aləmlə tanış edən rəssamın Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Almaniya, İtaliya, Amerika, Rusiya və Hindistanda sərgiləri keçirilib.