Sosial şəbəkədə biz:

Əhməd Şahidov: "Artıq əsir və girovların dəyişdirilməsi prosesində ilkin mərhələ baş tutdu"

29 June 2019, 18:49
Gündəm

Məlum olduğu kimi, Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə aparılmış danışıqlar nəticəsində əldə edilmiş razılığa əsasən, girovlar dəyişdirilib.

Belə ki, 16 mart 2019-cu il tarixdə Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu və 20 iyun 2017-ci il tarixdə Qazax rayonu ərazisində saxlanmış Ermənistan Respublikasının vətəndaşı, 06.11.1974-cü il təvəllüdlü Karapetyan Zaven Avanesoviç 28 iyun 2019-cu il tarixdə müvafiq olaraq tərəflərə təhvil verilib.

Ancaq aparılan dəyişdirilmədən sonra Ermənistan tərəfi dərhal buna özünəməxsus don geyindirməyə çalışıb. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan bəyan edib ki, girovların dəyişdirilməsi "hamının hamıya qarşı” prinsipinin icra edilməsi demək deyil: “Proses Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə baş tutdu. Azərbaycan tərəfinə verilən Elvin İbrahimov ciddi bir cinayət törətməyib, o, sadəcə olaraq bu ilin mart ayında yanlış olaraq Ermənistan tərəfinə keçib. Habelə 2017-ci ildə naməlum səbəblərdən Azərbaycan tərəfinə keçən Zaven Karapetyan qarşı tərəfdən Ermənistana təhvil verildi. Bu da Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə oldu. Yəni, bu, birbaşa Azərbaycan və Ermənistan arasında olan təmasların nəticəsi deyil”.

Burada diqqət çəkən başlıca məqam ondan ibarətdir ki, erməni tərəfi girovların dəyişdirilməsinə dünyanın və Azərbaycan diplomatiyasının təzyiqi altında getdiklərini mümkün qədər ört-basdır etmək istəyir. Halbuki bu istiqamətdə təzyiqlərin rolu az olmayıb. Bununla bağlı beynəlxalq təşkilatlar Ermənistana təzyiq göstərirdilər. Eyni zamanda, Azərbaycan dəfələrlə girovların dəyişdirilməsi məsələsini qaldırıb.

O baxımdan Ermənistanın bu cəhdlərini ekspertlər necə dəyərləndirir?

Məsələyə münasibət bildirən Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidovun sözlərinə görə, məhz təzyiqlər sayəsində Ermənistan bu addımı atmalı oldu: “Azərbaycanlı mülki əsir Elvin İbrahimovun erməni diversant Zaven Karapetyanla dəyişdirilməsi əslində rəsmi Bakının ötən ilin noyabrından təklif etdiyi əsir və girovların “Hamının hamıya” prinsipi ilə dəyişdirilməsi prosesinin ilkin mərhələsidir. Bu ilin martında Prezident İlham Əliyevin Vyanada Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü, daha sonra Moskvada hər iki ölkənin xarici işlər nazirlərinin görüşü, apreldə Rusiya xarici işlər naziri Sergey Lavrovun rəsmi İrəvana çağırış etməsi bu prosesin müsbət nəticələnməsinə səbəb olub. Bütün bunların nəticəsidir ki, artıq əsir və girovların dəyişdirilməsi prosesində ilkin mərhələ baş tutdu. Bir hüquq müdafiəçisi kimi bunu yüksək qiymətləndirirəm və bu cür təmasların, humanitar dialoqun bundan sonra da davam edəcəyini gözləyirik. İnanırıq ki, aparılan işlər sayəsində Dilqəm Əsgərovla Şahbaz Quliyev də vətənlərinə qayıdacaqlar. Anna Nağdalyan daxili auditoriyaya göstərmək istəyir ki, guya bu proses rəsmi Bakının təklif etdiyi formul əsasında deyil, rəsmi İrəvanın “humanitar xarakterindən” irəli gəlir. Hesab edirəm ki, bunlar daxili auditoriyaya yönəlmiş fikirlərdir. İstənilən halda bu prosesin başlamasının özü önəmli yenilikdir. Ermənistan bu məsələdə nə qədər çalışsa da, onlara bununla bağlı edilən beynəlxalq təzyiqləri maskalaya bilməyəcək”. (Bakı-Xəbər)