Sosial şəbəkədə biz:

İcra başçısı və rəisin həbs etdirə bilmədiyi jurnalist onların özünü məhkəməyə verir...

30 June 2019, 10:36
Gündəm

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və həmin rayonun polis rəisi Şəhriyar Şəmşirlinin “Xeber-Xetti.com” saytının baş redaktoruna qarşı həbs tələbi ilə bağlı qaldırdıqları iddia ilə bağlı yenilik var. Qeyd edək ki, məhkəmə baxışı Abşeron Rayon Məhkəməsində olub. Yazdığı tənqidi yazıya görə real həbs təhlükəsilə üzləşən baş redaktorla bağlı bir neçə məhkəmə prosesi keçirilsə də, sonda iddiaçılar şikayətdən imtina ediblər. Məhkəməyə verilən jurnalist Mirəziz Əzizov məlumatın doğruluğunu Azinforum.az-a təsdiqləyib: "Heç bir ciddi əsas olmadan, həbs tələbi ilə olan absurd bir iddia əsasında məhkəməyə verilmişdim. Nə qədər qəribə olsa da, rayon rəhbəri və polis rəisinin iddiaçı olduğu həmin prosesə elə Abşeron Məhkəməsində baxılırdı. Bu özbaşınalıqla bağlı Prezidentə, ədliyyə naziri Fikrət Məmmədova açıq şikayət ünvanladım. İradə Gülməmmədovanın təşkil etdiyi bu şounun söz azadlığına basqı olduğunu qeyd etdim. Sonda onlar iddiadan imtina etdilər. Amma mən bununla kifayətlənməyəcəm. Mənim vaxtımı aldıqları, şəxsimə maddi və mənəvi zərər vurduqları üçün onlardan təzminat tələb edəcəm. Üzümüzə gələn həftə həm icra başçısı, həm də polis rəisindən məhkəməyə şikayət verəcəm".

Foto- Mirəziz Əzizov

Azinforum.az