“My Beach” istirahət mərkəzi rəsmən qarətlə məşğuldur... - ŞOK qiymətlər...
Ötən gün havanın hərarəti rekord həddə, 43-44 dərəcəyə çatdığından
sərinləmək üçün dənizə üz tutanların sayı da çox idi. Müştəri bolluğunu
görən çimərlik sahibləri isə 5 manata təklif etdikləri çətirlərin
qiymətini 10 manata, 10 manata təklif etdikləri günlüklərin qiymətini
isə 15 qaldırmışdılar. Digər çətirlərlə müqayisədə daha yaxşı görkəmdə
olanlarının qiyməti isə 20 manatdan bir qəpik də aşağı deyildi. Dənizlə
üzbəüz, ön sırada olan çətirlərin çoxu tutulduğundan müştərilər arxa
sıralardakı çətirlərə belə 10-15 manat vermək məcburiyyətində
qalmışdılar. Novxanı, Pirşağı çimərliklərində yaranmış sıxlıq fürsətcil
çimərlik sahiblərinin pula hərisliyini bir qədər də artırmışdı.
Çimərliyə üz tutan müştərilərə boş stəkanları belə pulla kirayə verən
sahibkarları, ancaq imkan varkən daha çox qazanmaq, vəziyyətdən su
istifadə edərək varlanmaq düşündürürdü. Müştərilərin isə nə şikayət
edəcəyi bir ünvan vardı, nədəki seçim etmək imkanı.
Çimərliklərdə
müştəri bolluğu çətirlərdən başqa menyuya da öz təsirini göstərmişdi.
Adi günlərdə 3 manata təklif edilən bir çaynikin qiyməti 5 manata
yüksəlmişdi. Satışda 30 qəpiyə təklif edilən 0,5 litr qazsız suyun
qiyməti 70 qəpik, 1 litr suyun qiyməti isə 1 manat 50 qəpiyə satılırdı.
Sərin qarpızın, sərinləşdirici rəngli suların, meyvə şirələrinin
qiymətində də 1-2 manatadək , bahalaşma vardı. İstehlakçıların “nolovka”
adlandırdığı alkoqolsuz pivələrin qiyməti satışdakından 1 manat baha
təklif olunurdu. Satışda qiyməti 1 manat 60 qəpiyə satılan alkoqolsuz
pivələr çimərliklərdə 2 manat 80 qəpiyə təklif olunurdu. Alkoqollu
pivələrin də qiymətində 2 manatadək fərq vardı. Adi günlərdə 5 manata
satılan bir pors kababın qiyməti çimərliklərdə elə dünənki hava kimi od
tutub yanırdı. Baxmayaraq ki, bu qiymət qarşılığında nə normal xidmət
vardı, nədəki sanitar-gigiyenik tələblərə cavab verən şərait…
Havanın
isti keçməsi dənizkənarı çimərliklərlə yanaşı, əyləncə və istirahət
mərkəzlərində də qiymətə təsirsiz ötüşməmişdi. Novxanı qəsəbəsində
yerləşən “My Beach” istirahət mərkəzlərinə giriş 20 manatdan 25 manata
qalxmışdı. İstirahət mərkəzindən isə bunun həftəsonu ilə əlaqəli
olduğunu söylədilər: “Adi günlərdə bizim istirahət mərkəzinə giriş 20
manat, həftəsonu isə 25 manat olur”.
Qeyd
edək ki, dənizkənarı əyləncə mərkəzlərində çimərliklə yanaşı, hovuz
olduğundan, belə məkanlar uşaqlar üçün daha cəlbedici olur. Amma
dənizkənarı istirahət mərkəzlərinə giriş qiymətinin baha olması ilə
yanaşı, müştərilərə digər məhdudiyyətlərin tətbiq olunması çox uşaq üçün
bu cür məkanları əlçatmaz edir. My Beach” istirahət mərkəzində uşaqlar
üçün 1 litr adi sudan başqa əldə digər qida və sərinləşdirici içkilər
gətirməyin yasaq olduğunu bildirdilər. Qeyd edək ki, bu tip istirahət
mərkəzlərində sərinləşdirici suların, içkilərin qiyməti satış
qiymətlərindən kəskin fərqlənir. Qiymətlərin yüksək olması, süni qiymət
artımı, eləcə də bu kimi məhdudiyyətlər dənizkənarı əyləncə və istirahət
mərkəzlərini ölkə vətəndaşları ilə yanaşı, büdcə turistləri üçün də
əlçatmaz edir. Bu kimi neqativ hallar isə çimərlik turizminin inkişafına
ciddi mane törədir.
Ekspertlər
də, bu kimi amillərin çimərlik turizminin inkişafına zərbə olduğu
fikrindədirlər. Azərbaycan Turizm Assossasiyasının sədr müavini Müzəffər
Ağakərimov deyir ki, ölkəmizdə çimərlik turizminin inkişaf etdirilməsi
dövlətin diqqət və maraq göstərdiyi turizm sahələrindəndir: “Ölkə
başçısının imzaladığı “Azərbaycan Respublikasında çimərlik turizminin
inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nı da bu məqsədə
xidmət edir. Çox təəssüf ki, hələki bu istiqamətdə nəzərəçarpacaq dönüş
yaratmaq mümkün olmayıb. Halbuki, çimərliklərin standartlara cavab
verməsi, sanitar-gigiyenik şəraitə uyğun olması ölkəmizdə çimərlik
turizminin inkişaf etməsinə, ölkəmizə gələn turistlərin sayının
artmasına gətirib çıxarda bilər”.
M.
Ağakərimovun sözlərinə görə, çimərliklərə nəzarət mexanizmi olmasa
mövcud vəziyyətin dəyişəcəyinə ümid çox azdır: “Çimərliklərə mütləq
şəkildə nəzarət edən qurum olmalıdır. Əks halda sizin sadaladığınız
problemlər hələ bundan sonra da hər çimərlik mövsümündə təkrar
olunacaqdır. Çimərliklərin demək olar ki, mütləq əksəriyyəti
standartlara cavab vermir. Çimərlik sahələrində nə normal çətirlər var,
nədəki standartlara cavab verən şərait. Əksər çimərliklərin
su-kanalizasiya xətti belə yoxdur. Ayaqyolusu olmayan çimərliklərdə
sanitar-gigiyenik tələblərdən danışmaq yersizdir. Belə çimərliklərdə
sahibkarlar bir neçə həsir çətir qoyub antisanitar şəraitdə yemək, çay
satırlar. Bu cür çimərliklərlə çimərlik turizmini inkişaf etdirmək,
xarici turistlər üçün cəlbedici etmək mümkün deyil”.
Turizm
eksperti xarici ölkələrdə çimərliklər üçün standartlar olduğunu, hansı
çimərlik standartların tələblərinə cavab verirsə orada bunu təsdiqləyən
nişanlar olduğunu bildirir: “Çimərlik turizminin inkişaf etdiyi
ölkələrdə çimərliyin standarta uyğun olub-olmadığını kənardan da görmək
mümkündür. Belə çimərliklərə göy rəngli bayraq asılır. Bu bayraq
çimərliyin standartın tələblərinə cavab verməsini, sanitar-gigiyenik
vəziyyətin norma həddində olduğunu təsdiqləyir. Biz də çimərlik
turizmini inkişaf etdirmək, xaricdən turist cəlb etmək üçün ilk növbədə
çimərlikləri standartların, sanitar-gigiyenik normaların tələblərinə
uyğunlaşdırmalıyıq. Bundan sonra isə çimərliklərə ciddi nəzarət
olmalıdır. Qiymətlərin süni şəkildə bahalaşdırılması hallarının qarşısı
alınmalıdır. Əgər turist kənarda mağazadan aldığı sərinləşdirici içkini
çimərlikdə, yaxud istirahət mərkəzində iki-üç qat baha qiymətə alırsa
təbii ki, növbəti il həmin turist bir də bizim çimərliklərə üz
tutmayacaq. Xarici ölkələrdə bu məsələlərə ciddi nəzarət var”.
M.
Ağakərimovun sözlərinə görə, çimərliklərə, eləcə də istirahət əyləncə
mərkəzlərinə giriş üçün fantastik qiymət müəyyən etmək düzgün deyil:
“Mən hər zaman demişəm ki, çimərliklər pulsuz olmalıdır. Sahibkar orada
hansısa xidmət göstərirsə onun pulunu müştəridən ala bilər. Qiymətlər
də, xidmətin səviyyəsinə uyğun olmalıdır. Həsiri tökülmüş, hər
tərəfindən gün keçən, dəlik-deşik olmuş çətirlərə, müştərinin
bolluğundan istifadə edib fantastik qiymət qoymaq olmaz. Dənizkənarı
istirahət və əyləncə mərkəzlərinin də mütləq əksəriyyətinin bir tərəfi
çimərlik üçün nəzərdə tutulub. Burada bir-iki hovuz, uşaqlar üçün
əyləncə imkanı qurub yaratmağa görə, giriş qiymətini kəllə-çarxa
qaldırmaq olmaz. Nəzərə almaq lazımdır ki, yerli əhali kimi turistlər
arasında da azbüdcəli turistlər var. Onlar belə məkanlarda adambaşına
girişin qiymətini öyrənib elə qapıdanca geri qayıdırlar. Növbəti ildə
isə çimərlik turizmi üçün əlverişli və sərfəli şəraiti olan başqa
ölkələrə üz tuturlar. Çox təəssüf ki, bizim dənizkənarı istirahət
mərkəzləri qışda qazanmadıqlarının da əvəzini yaydan çıxırlar. Girişə
elə qiymət qoyurlar ki, həmin qiymətə ancaq çox imkanı olan turistlər
gəlib dincələ bilər. Müştərinin çantasını yoxlayıb qida, su axtarmaq çox
yalnış yanaşmadır, biyabırçılıqdır. Qaydalar tərtib olunmalı, bütün
bunlar həmin qaydalarda öz əksini tapmalıdır. Ona görə də, bütün
bunların hamısına nəzarət mexanizmi olmalıdır ki, çimərlik turizmini bu
mövsüm olmasa da, növbəti mövsümlərdə dirçəldə bilər”./movqe.az