“Muğanbank” məcburi köçkünlərə qarşı... - QALMAQAL
Zəngilan və Ağdamdan olan məcburi köçkünlər deyir ki, illərlə əziyyət
çəkib, özlərinə ev alıblar, indi də həmin evləri “Muğanbank” ələ
keçirmək istəyir. Özü də bankın onlara vermədiyi kreditin əvəzi olaraq.
Bildirirlər ki, bank onlara 300 min dollar kredit ayrıldığını iddia
edir. Amma ortada bu pulun onlara verildiyini təsdiqləyən məxaric qəbzi
yoxdur.
DİA.AZ-ın
məlumatına görə, üç ildir ki, məhkəmələrdə bu məsələ ilə bağlı çəkişmə
gedir. Bank iddia edir ki, “Zirə Kəndli Fermer Təsərrüfatı” MMC-yə
2008-ci ildə verilən 300 min dollarlıq kredit qaytarılmayıb. Ona görə də
MMC-nin rəhbəri Bəxtiyar Abbasov, onunla birlikdə işləyən Eldar
Cəfərquliyev və Yelmar Babayevə məxsus iki mənzil və bir bağ evinin
hərraca çıxarılıb satılması, əldə olunan vəsaitin banka ödənilməsi
barədə iddia qaldırıb.
Nərimanov
Rayon Məhkəməsi iddianı təmin edib – “Zirə Kəndli Fermer Təsərrüfatı”
MMC-dən bankın xeyrinə 178 min 690 dollar əsas borc, 74 min 963 dollar
faiz borcu (cəmi 253 min 653 dollar) tutulması, bu məqsədlə sözügedən
evlərin hərraca çıxarılıb satılması, orada yaşayanların bir ay ərzində
çıxmasına qərar verib.
Məcburi
köçkünlər bu qərardan apelyasiya şikayəti verib. Bu instansiyada məsələ
araşdırılarkən hakimlər bankın nümayəndəsindən 300 min dolların “Zirə
Kəndli Fermer Təsərrüfatı” MMC-nin hesabına köçürülməsini təsdiqləyən
məxaric orderini istəyib. Məlum olub ki, belə bir sənəd yoxdur. Bakı
Apelyasiya Məhkəməsi elə bu əsasla da mübahisədə “Muğanbank”ı haqsız
sayıb və Nərimanov Rayon Məhkəməsinin onun xeyrinə çıxardığı qərarı ləğv
edib.
Bank
Ali Məhkəməyə şikayət verib. Ali Məhkəmə də bu şikayət əsasında
apelyasiya instansiyasının qərarını ləğv edib. Məsələ yenidən
araşdırılması üçün təkrar Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb. Bu
yaxınlarda məhkəmə bankın xeyrinə qərar çıxarıb. Məcburi köçkünlər yenə
Ali Məhkəməyə üz tutmaq niyyətindədilər. Amma deyirlər ki, ədalətli
qərara ümidləri yoxdur: “Ona görə yox ki, haqsızıq. Əksinə, haqlı tərəf
bizik. Ona görə ki, Ali Məhkəmənin sədri Ramiz Rzayevdir. Məhz o,
ədalətli qərar çıxarılmasının qarşısını alır”.
B.Abbasov
300 min dollar söhbətinin necə yaranmasının detallarını da danışır.
Deyir ki, “Zirə-Kəndli Fermer Təsərrüfatı” MMC iri və xırdabuynuzlu
mal-qaranın saxlanılmasıyla məşğul olub. O, kredit almaq üçün
“Muğanbank”ın “Dostluq” filialının müdiri Samir Ələkbərova müraciət
edib. S.Ələkbərov Bəxtiyar Abbasovun qohumudur. Samir Ələkbərovun
qardaşı isə həmin dövrdə bankın İdarə Heyətinin sədri olub:
“Muğanbank”
təsərrüfata 19 sentyabr 2007-ci ildə F125 saylı kredit müaviləsi ilə 45
min manat, 2007-ci il 26 oktyabrda F134 saylı müqaviləsi ilə Babayev
Yelmar Qulu oğlunun adına 45 min manat, 5 dekabr 2007-ci ildə F139 saylı
müqaviləsi ilə 20 min manat, 15 dekabr 2007-ci ildə H57 saylı müqavilə
ilə 130 min manat kredit ayırıb: “Sonradan Samir Ələkbərov məndən 75 min
manat aldı ki, bu kreditləri birləşdirib, yeni kredit müqaviləsi
bağlasın. Həqiqətən də məbləğlər birləşdirildi, 300 min dollar kreditin
verilməsi ilə bağlı təsərrüfatla bank arasında 7 may 2008-ci ildə H 58
saylı kredit müaviləsi bağlandı. O vaxt müxtəlif müqavilələrlə bizə
verilmiş kreditlərin ümumi məbləği 240 min manat idi. Bu da dolların o
dövrdəki məzənnəsi ilə 300 min dollar eləyirdi”.
“Muğanbank”
isə iddia edir ki, 300 min dollarlıq müqavilənin əvvəlki kreditlərə
aidiyyəti yoxdur. Bu, yeni müqavilədir və həmin məbləğ də onlara
verilib.
B.Abbasov
da soruşur ki, əgər yenidən onlara 300 min dollar verilmişdisə, bəs
pulun kiməsə verildiyini, yaxud müəssisənin hesabına köçürüldüyünü
təsdiqləyən məxaric qəbzi niyə yoxdur: “O məxaric qəbzi ola da bilməz.
Çünki o pul bizə verilməyib. Əksinə, əvvəlki kreditləri birləşdirmək
üçün bizdən 75 min də əlavə pul alınıb. Adamdan soruşmazlarmı ki, əgər
bu adamlar əvvəlki kreditləri qaydasında ödəmirdisə, necə olub ki,
üstəlik 300 min dollar da əlavə kredit verirdiniz?”
Bankın
iddiası əsasında müsadirə olunan evlərin sakinləri də maraqlı tərəf
kimi məhkəmələrdə iştirak edirlər. Evlərdən biri - Bakının Qara Qarayev
prospektində yerləşən üçotaqlı mənzil Yelmar Babayevə məxsusdur. O da
“Zirə Kəndli Fermer Təsərrüfatı” MMC-də B.Abbasovla şərik olub.
Sözügedən mənzildə o, iki övladı, anası, bacısı və onun uşağıyla
birlikdə yaşayır.
“Mən
bir qolumu Ağdamda – müharibədə qoyub gəlmişəm. Bir əlimi ermənilər
kəsmişdi, o birini də bu cür ədalətsiz qərarlarla məhkəmələr kəsdi”, -
Yelmar Babayevin anası, 81 yaşlı Tamara Babayeva bildirib.
Bacısı
Çiçək Babayeva da əlavə edib ki, əgər ədalət bərqərar olmasa, özlərinə
qəsd etməkdən başqa çıxış yolları qalmayacaq: “Onsuz da bir dəfə
ermənilər bizi ev-eşiyimizdən didərgin salmışdı, ikinci dəfə də saxta
sənədlər və məhkəmələrin əli ilə özümüzünkülər eləyir. Nə fərqi oldu?!
Bizi evimizdən çıxarsalar, Prezident Administrasiyasının qarşısında
özümüzə qəsd edəcəyik”.
“Muğanbank”
isə israr edir ki, müqavilədəki 300 min dollar yeni kreditdir və onlara
verilib. Bankın nümayəndəsi məhkəməyə “Zirə Kəndli Fermer Təsərrüfatı”
MMC-nin rəhbəri ilə bağlanmış “Müddətli öhdəlik” müqaviləsi təqdim edib.
Həmin müqaviləni B.Abbasov imzalayıb.
B.Abbasov
isə cavabında bildirib ki, ona əvvəlki kreditlərin ümumiləşdirilib, bir
müqavilədə əksini tapacağını deyib, qol çəkdiriblər: “Yenidən pul
köçürməyiblər. Köçürüblərsə, mədaxil orderini ortaya qoysunlar”.
Ali Məhkəmədən isə məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.