Sosial şəbəkədə biz:

“Hövsələmiz çatmır ki, uşaqlarımızın dərsləri ilə məşğul olaq” - AÇIQLAMA

19 February 2022, 14:23
Gündəm

"Əksər hallarda valideynlər tənbəllikdən uşaqları repetitor yanına göndərir, özləri uşaqla məşğul olmaq istəmirlər”.

Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Ramal Şəmsədli deyib. Ekspertin sözlərinə görə, hazırda insanlarımızda  çox böyük tənbəlləşmə gedir: 

“Təbii ki, son illər valideynlərin bir çoxu övladlarını repetitor yanına göndərir. Qeyd edim ki, əvvəllər yuxarı sinif şagirdləri gedirdisə, indi ibtidai siniflərdə oxuyan şagirdlərin əksəriyyəti də repetitor yanına üz tutur. Təbii ki, bunun da subyektiv və obyektiv səbəbləri var. Ən başlıca səbəblərdən biri qızlarımızın tez ailə qurmasıdır. Bilirik ki, evdə uşaqla maraqlanan daha çox anadır. Ananın da ailədə bilikli, savadlı olması çox vacibdir. Biz statistik araşdırmalar aparsaq görərik ki, ölkəmizdə ali təhsilli xanımlardan daha çox ali təhsilsiz xanımlar var. Təəssüflər olsun ki, nə qədər maarifləndirmə aparılsa da, bu gün regionlarımızda məktəbi bitirməyən və tez ailə quran gənc qızlarımız var. Yəni, onlar heç adi məktəbi belə bitirmirlər. Bunların da bir neçə ildən sonra övladları dünyaya gəlir və məktəbə gedirlər. Bu ana bir şey bilmədiyi üçün də övladını məcbur qalır hazırlığa qoyur. Bütün bu problemlərin aradan qaldırılması üçün xanımlarımızın tez evlənməyinin qarşısı alınmalıdır. Biz çalışmalıyıq ki, maksimum dərəcədə xanımları ali təhsilə yönləndirək”.

Təhsil eksperti məktəb proqramlarının çox ağır olduğuna da diqqət çəkib: 

“Düşünürəm ki, biz bu məsələləri də gözdən keçirtməliyik. Təhsilimizdə həddindən artıq ciddi boşluqlar var. Bəzi məktəbləri nümunə göstərərək özümüzü aldatmamalıyıq. Yəni, bu gün gözümüzü açıb regionlara baxsaq və Bakının digər rayonlara baxsaq, oradakı məktəblərin hansı vəziyyətdə olduğunu görərik. Deyərdim ki, vəziyyət çox acınacaqlıdır. Bir də danılmaz faktdır ki, biz insanlarda çox böyük tənbəlləşmə gedir. Hövsələmiz çatmır ki, uşaqlarımızn dərsləri ilə məşğul olaq. Yəni, artıq uşağımızı belə dinləməyə hövsələmiz çatmır. Son zamanlarda təəssüflər olsun ki, bu problemlərlə biz çox üzləşirik. Uşaqlarımızla davranış qaydalarını biz doğru-dürüst bilmirik. Bu barədə nə bir televizor proqramı var, nə də bir maarifləndirmə proqramları. Yəni, kim qulaqdan nə eşitdisə, o istiqamətdə də uşağına yönləndirmə verir. Məhz bu səbəblərin nəticəsidir ki, biz övladlarımızı repetitor yanına qoyuruq”.