“Qohumunu vəzifəyə gətirmək icra başçısının özü üçün pis ola bilər” - Deputat
“Ötən həftə daha üç rayona icra başçısı təyin olundu. Prezident bir daha “məmur xalqın, vətəndaşın yanında olmalıdır” deyə mesaj verdi, xəbərdarlıq etdi. Prezidentin bir sıra məqamları açıq səsləndirməsi yeni kadrlar üçün çox ciddi bir siqnal olmalıdır”.Bu sözləri Bakupost.az -a millət vəkili Elşad Mirbəşiroğlu yeni təyinatlarla bağlı danışarkən deyib.
Deputat qeyd edib ki, dövlət başçısı yeni icra başçıları ilə videoformat şəklində keçirdiyi görüş zamanı mühüm məqamlara toxunub:

“Cənab Prezident yeni icra başçılarına tövsiyə və tapşırıqlar verən zaman xüsusi qeyd etdi ki, insanları işə qəbul edərkən başqa amilləri deyil, məhz onların bilik, bacarıq və fəaliyyət göstərəcəkləri sahə üzrə vərdişlərə malik olmalarını nəzərə alsınlar. Yanlız belə olan halda ümummilli inkişafa nail olmaq mümkündür. Ümumiyyətlə, hansısa dostluq, qohumluq əlaqələrinə əsasən kadrların təyin olunması, daha sonra həmin şəxsin özü üçün neqativ nəticələrə gətirib çıxarır”.
Millət vəkilinin sözlərinə görə, dövlət tərəfindən vətəndaşların sosial-iqtisadi rifahının təmin olunması üçün mühüm addımlar atılır:
“Bu istiqamətdə hansısa resurs qıtlığından söhbət gedə bilməz. Sadəcə olaraq yerlərdə məmurlar, rəhbər şəxslər vətəndaşlarla işləmək istəyində və təbii ki, bacarığında olmalıdırlar. Prezidentin yeni təyin etdiyi kadrların qarşısında qoyduğu əsas vəzifə də məhz bunlardan ibarət oldu. Daha konkret şəkildə ifadə etmiş olsaq, birincisi, işə qəbul edən zaman yanlız kadrların bilik, bacarıq, vərdişlərinin nəzərə alınması, ikincisi, hər zaman vətəndaşların arasında olmaq, onların problemləri ilə birbaşa yerində tanış olmaq, üçüncüsü isə şəhid ailələrinin üzvlərinə daim diqqət göstərməkdir. Düşünürəm ki, Prezidentin bu tapşırıqlarına uyğun addımlar atılacağı təqdirdə dövlət idarəçiliyində daha keyfiyyətli bir mərhələnin başlanğıcının şahidi ola bilərik”.