“Rusiyanın kartofu, arağı var, yeyib-içib oturacaq” - Aqil Abbas
“Bir ölkənin başqa bir ölkənin ərazisini işğal etməsi çox pis hadisədir”.
Bunu Bakupost.az -a millət vəkili Aqil Abbas bu gün başlayan Rusiya-Ukrayna müharibəsindən danışarkən deyib.
Onun sözlərinə görə, bu müharibədə qalib yoxdur:
“Diplomatiya olan yerdə müharibə nədir? Deyilir ki, guya indi NATO iclas keçirir. 2008-ci ildə Rusiya Gürcüstanı bombalayanda da NATO iclas keçirmişdi. Onu deyə bilərəm ki, Qərb Ukraynanı bada verib. Söz bitəndən sonra müharibə başlayır, lakin hələ sözlər bitməmişdi. Qonşu ölkədə müharibə olursa, bu, çox pis hadisədir. Dünya üçün müharibə çox qorxuludur. Bu müharibədə qalib yoxdur. Burada ölən, qırılan insanlar var”.
Millət vəkilinin fikrincə Rusiyanı sanksiya ilə qorxutmaq olmaz:
“Rusiyanın kartofu, kələmi, arağı var, yeyib-içib oturacaq. Ona görə sanksiyalar Rusiyanı zəiflətməyəcək. ABŞ İrana da illərdir ki, çoxlu sanksiyalar tətbiq edir. Amma heç bir nəticəsi olmayıb. Həmçinin, Co Bayden Zelenskiyə “müdrik” bir nəsləhət verib. Zelenskiyə deyib ki, Kiyev bombalananda Lvova qaç. Yəni Baydenin yardımı ancaq bu olub. Bir sözlə, deyə bilərik ki, Qərb Rusiyanı zəiflətmək üçün Ukraynanı qurban verib”.