Sosial şəbəkədə biz:

Kredit faizləri: Banklar cibimizi necə "soyur"?

10 June 2023, 08:58
Gündəm

“Azərbaycanda bank faizləri, hətta kənd təsərrüfatı üçün verilən kreditlərin faizi də yüksəkdir”.

Bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, banklar faziləri aşağı salınmalıdır:

“Həmin sahibkar kreditin faizini necə qaytarsın?! Bank faizləri aşağı salınmalıdır. 14 faizlə kredit əldə edən sahibkar hansı işlə məşğul olmalıdır ki, həm bu krediti qaytarsın, həm də qazanc əldə etsin, həm də işçi saxlasın?!”

Siyavuş Novruzov deyib ki, bank faizləri vətəndaşa sərf edən səviyyədə olmalıdır.

Ölkədə kredit faizlərinin yüksək olmasından vətəndaşlar da şikayətçidirlər. Sosial şəbəkələrdə fikrini bildirən şəxslər kredit faizlərinin yüksək olması səbəbilə biznes və ya şəxsi məsələlər üçün kredit götürə bilmədiklərini, götürdükləri kreditin faizini ödəyə bilmədiklərini qeyd edirlər.

Qeyd edək ki, ölkədə problemli kreditlərin də sayı artmaqdadır. Əlbəttə, problemli kreditlərin yaranmasında bunun da öz təsiri var.

Mövzu ilə bağlı Cebhe.info-ya danışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, kredit fazilərinin yüksək olması bir neçə problemə yol açır:

“Bizdə həm kommersiya, həm ipoteka, həm də istehlak kreditləri çox yüksəkdir. Bu da həm inflyasiya yaradan, həm də vətəndaşların mənzillərinin satılmasının qarşısını kəsən faktlardan birinə çevrilib.

Biznes üçün yüksək faizlə kredit götürəndə yeni iş yerlərinin açılmasında və yeni biznes növlərinin inkişafında ziyanla qarşılaşma təhlükəsi ilə üzləşirik. Bu problem həllini tapmalıdır. Problemin həllinin tapılmasında iki əsas yol var.

Birinci, Mərkəzi Bank uçot dərəcəsini çox yüksək həddə qaldırıb. Mərkəzi Bankın bu addımını da anlamaq mümkündür. Onlar bir neçə aydır inflyasiya ilə mübarizə aparmaq üçün uçot dərəcəsini yüksəldirlər. Artıq uçot dərəcəsi 9 faizdən yuxarıdır. Bu o deməkdir ki, Mərkəzi Bank digər banklara yüksək faizlə, yəni 10 faizə yaxın bir hədlə borc verir.

Ona görə də onların kredit faizlərini aşağı salmaq imkanları məhduddur. Mərkəzi Bank faizləri aşağı çəkib, daha aşağı faizlə banklara vəsait versə, onların ancaq kommersiya və ipoteka kreditlərinə yönəlməsi ilə bağlı üzərlərinə öhdəlik qoysa, ən azından bu iki istiqamət üzrə fazilərin azalmasını görə bilərik”.

Ekspert hesab edir ki, banklarda rəqabətlilik yoxdur:

“İkinci yol isə daha dayanıqlıdır ki, bu da rəqabətli mühitin yüksəldilməsidir. Azərbaycanda xarici kapitallı banklar çox azdır, yox dərəcəsindədir. Avropanın, Amerikanın böyük bankları Azərbaycana daim maraq göstərirlər.

Amma onların bazara daxil olmaq üçün müəyyən sualları, çəkingənliyi var. Əgər o çəkingənliyin, sualların aradan qaldırılması üçün həm hökumət, həm Mərkəzi Bank, həm parlament onlara zəmanət versə, onlar da bazara daxil ola bilərlər.

Onlar bazara daxil olsalar rəqabətli mühit yaranar və həmin banklar daha ucuz faizlə kredit verməyə başlayanda bizim yerli banklar da məcburən kredit faizlərini aşağı çəkəcəklər”.