“Polis maşını ayağımın üstündən keçdi”
Bu gün həbs edilən bir qrup dindarın ailə üzvləri Milli Məclisin binası qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər.
Azinforum.az Turan-a istinadən xəbər verir ki, aksiya iştirakçılarının qohumları həbs olunanların əsassız cinayət məsuliyyətinə cəlb edilməsinə etiraz olaraq parlament binasına gələrək onların azadlığa buraxılmasını tələb ediblər.
Lakin polis aksiyanı dayandıraraq onları parlamentin ərazisindən uzaqlaşdırıb.
Toplum TV-nin əməkdaşı Fatimə Mövlamlının dediyinə görə, aksiya yerindən reportaj hazırlayarkən bədən xəsarətləri alıb.
“Aksiya işıqlandırılan zaman polis maşını ayağımın üstündən keçdi. Kameram da xarab olub. Mən hesab edirəm ki, polis əməkdaşı bunu bilərəkdən edib. Ayağım şişib, əlil arabasındayam. Travmatologiya xəstəxanasında rentgen müayinəsindən keçdim. Ancaq müayinənin nəticəsini, diaqnozu mənə vermirlər. Ona görə də müayinə üçün özəl klinikaya gedirəm”, - deyə Mövlamlı bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, razılaşdırılmamış aksiyanın iştirakçıları ictimai asayişin pozulması ilə əlaqədar polisə dəvət olunublar.
Mövlamlıya bədən xəsarəti yetirməsinə gəlincə, nazirlik rəsmisi bildirib ki, məsələ araşdırılır.