Sosial şəbəkədə biz:

"Gədəbəydə vətəndaşların dedikləri bütün Azərbaycanın fəryadıdır"

22 June 2023, 09:09
Gündəm

"Gədəbəydə insanların fəryadı və etirazı bütün Azərbaycanın səsidir. Baş verən hadisə nə birincidir, nə də axırıncı. Nə qədər ki, ölkədə müstəqil məhkəmələr, ondan da əvvəl azad, ədalətli və rəqabətli seçkilər yoxdur bu kimi hadisələr baş verəcək, günahkarlar da cəzasız qalacaq".
Bunu feysbuk səhifəsində politoloq Azər Qasımlı yazıb.
Politoloq bildirib ki, baş verənlər çoxdan utancvericilikdən çıxıb və araşdırılmayacaq:
"Əsas məsələ də polisin qeyri-adekvat hərəkəti deyil, çünki o bir epizoddur, digər onun kimi epizodların içində. Əsas məsələ bu sualların cavablarındadır:
Qızıl mədənləri kimə aiddir? Bu mədənlərdən gələn gəlirdən dövlət büdcəsinə nə qədər pul ödənilib? Təbiətə və insan həyatına nə qədər ziyan vurulub?
Ölkədə bütün resurlar 1%-ın əlindədir və hər şey (məhkəmə, parlament və s.) bir qrup insanın tam nəzarətindədir. Və nə qədər ki, saxta "təhlükəsizlik" mövzuları insan haqları və demokratiya mövzularını üstələyəcək və əzəcək, bu ədalətsiz və qeyri-insani sistem də davam edəcək.
Gədəbəydə vətəndaşların dedikləri sözlər, ifadələr, qurduqları cümlələr və etirazlar - bütün Azərbaycanın fəryadıdır. Eyni vəziyyət yalnız bir rayonda deyil, hər yerdədir".
Xatırladaq ki, Gədəbəyin Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə etiraz edib və bunun nəticəsində vətəndaşlarla polis əməkdaşları arasında insident yaşanıb.