Sosial şəbəkədə biz:

Təbriz Musayev: “Əsirlərə işgəncə vermək, onlarla qeyri-insani davranış ermənilərə xas xüsusiyyətdir”

24 June 2023, 12:21
Gündəm

Ermənistana növbəti zərbə. Avropa Məhkəməsi hərbçilərlə bağlı Ermənistanın tələbini rədd edib. İyunun 21-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (İHAM) terrorçuluq, dövlət sərhədini qanunsuz keçməkdə və digər cinayətlərdə təqsirləndirilən iki erməni hərbi qulluqçu ilə bağlı Ermənistanın Azərbaycana qarşı müvəqqəti təmin tədbiri tətbiq edilməsinə dair tələbini rədd edib.

Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərovun sözlərinə görə, Ermənistan öz tələbində yuxarıda qeyd olunan iki hərbi qulluqçunun Azərbaycanda guya İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) və 3-cü (işgəncələrin qadağan edilməsi) maddələrinə zidd olan rəftara məruz qaldıqlarını iddia etmişdi: “Bununla bağlı Azərbaycan tərəfi erməni hərbçilərin Avropa Konvensiyası ilə qorunan hüquqlarının lazımi qaydada təmin edildiyi, onların həyat və sağlamlığı üçün heç bir təhlükənin olmadığı barədə müvafiq arqumentlər və sübutları İHAM-a təqdim edib. İHAM Azərbaycan tərəfinin mövqeyinə əsaslanaraq, Avropa Məhkəməsi Reqlamentinin 39-cu qaydasına uyğun olaraq, Ermənistanın Azərbaycana qarşı müvəqqəti təmin tədbirinin tətbiqi ilə bağlı müraciətini rədd edib”.

Yeri gəlmişkən, bu ilin apreldə Naxçıvan MR-in Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə ermənilər tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğlu saxta ittihamlarla azadlıqdan məhrum olunublar.

Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev Avropa Məhkəməsinin qərarına müsbət prizmadan yanaşdı: “Əvvəla, erməni tərəfi istənilən məsələdə Azərbaycana böhtan atır və bunu beynəlxalq müstəviyə çıxarmağa cəhd edir. Ona görə də bu kimi məsələlərdə əsla təəccüblənmək lazım deyil. Əksinə, düşmən tərəfinin belə böhtan xarakterli hücumlarına hər zaman hazır olmalıyıq. Erməni əsirlərə guya Azərbaycan tərəfinin işgəncə verməsi ilə bağlı deyilənlər ümumiyyətlə absurddur. Bunu təkcə biz yox, Avropa təsisatları da bilir. Söhbət ondan gedir ki, Vətən müharibəsindən sonra bir neçə dəfə beynəlxalq vasitəçilərin iştirakı ilə erməni əsirlər, diversantlar qarşı tərəfə təhvil verilib. Həmin görüntülərdən aydın şəkildə bilinirdi ki, əsirlərlə tam normal davranılıb. Onlar sanki əsirlikdə yox, istirahət mərkəzlərində olublar. Əgər Azərbaycan erməni əsirlərinə işgəcə versəydi, bunun hansısa əlamətləri qalardı. Əsirlərə işgəncə vermək, onlarla qeyri-insani davranış ermənilərə xas xüsusiyyətdir. Bunu biz istər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsi zamanı gördük. Mülki şəxslərlə, hərbçilərlə necə vəhşicəsinə davrandıqlarını biz yaxşı bilirik. Hətta azyaşlı uşaqlara belə aman vermirdilər. Birinci Qarabağ müharibəsində 4000 min nəfərə yaxın azərbaycanlı itkin düşüb, amma erməni tərəfi hələ də kütləvi məzarlıqların yerini Azərbaycana göstərmir. Elə çox uzağa getməyək, iki ay əvvəl Naxçıvanda yolunu azaraq Ermənistana keçmiş Hüseyn Axundova necə işgəncə verdiklərini bütün dünya gördü. Ona verilən işgəncənin videolentə alınması bununla bağlı əyani sübut idi. Heç şübhə etmirəm ki, Avropa Məhkəməsi erməni tərəfinin iddiasını rədd edərkən bu amili də nəzərə alıb”.