Cahangir Hacıyevlə birlikdə mühakimə olunmuş keçmiş deputat yenə məhkəmə qarşısına çıxaırlır
Yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətməkdə təqsirləndirilən Dünyamin Xəlilovla Azad Cavadovun məhkəməsi başlayacaq.
Dünyamin Xəlilov kimdir?..
62 yaşlı Dünyamin Xəlilov 1984-cü ildən "Xəzərdənizneftqazsənaye" Ümumittifaq Sənaye Birliyində müxtəlif vəzifələrdə işləyib. 1992-ci ildən Xarici İqtisadi Əlaqələr Nazirliyinin "Vneşekspertservis" şirkətində şöbə rəisi, direktor müavini olub. 1994-cü ildən bir neçə məhdud məsuliyyətli şirkət açıb. 2005-2010-cu illərdə 111 saylı Zaqatala-Balakən Seçki Dairəsindən deputat seçilib. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü olub. Öz şirkətlərinin adı altında Beynəlxalq Bankdan milyonlarla kredit götürüb, mənimsəyib. 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılanda Dünyamin Xəlilov da kənarda qalmayıb. O, bir neçə sahibkarla əlbir olaraq Beynəlxalq Bankdan 50 milyon manat kredit götürüb mənimsəməkdə təqsirləndirilib. Cahangir Hacıyevin həbsindən bir müddət sonra DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları onu da həbs edib.
Dünyamin Xəlilov külli miqdarda mənimsəmə, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma maddələriylə ittiham olunub. O, Azərbaycan Beynəlxalq Bankı ASC-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevlə eyni müttəhimlər kürsüsündə əyləşib. 2019-cu ilin sentyabrında çıxarılmış hökmdə qeyd olunurdu ki, Cahangir Hacıyevin dostu Dünyamin Xəlilov və digər 20 qanunsuz maliyyə əməliyyatları aparılması, təminatı olmayan kreditlərin verilməsi yolu ilə 4,7 milyard manat məbləğində pul vəsaitini mənimsəyiblər. Digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurublar. Həmin vaxt Dünyamin Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib. Əmlakları "AqroKredit" ASC-yə, Beynəlxalq Banka və Vergilər Nazirliyinə mülki ziyanın ödənilməsinə yönəldilib.
Bu dəfə isə Dünyamin Xəlilova verilən ittihama görə, o, başqa iş adamı Azad Cavadovla əlbir olaraq 2001-2015-ci illər ərzində Azərbaycan Beynəlxalq Bankından sahibi olduğu “General Construction” və “Bakı Fındıq Emalı Müəssisəsi” MMC-nin işçilərinin adına ümumilikdə 6 milyon 642 min manat kredit rəsmiləşdirib. Bu işdə ona bankın vəzifəli şəxsləri yardımçı olub.