Sosial şəbəkədə biz:

Alim rəssam onu aldadan şəxslə bağlı nazir Vilayət Eyvazova müraciət etdi-Foto

27 June 2023, 14:37
Gündəm

Tarix üzrə fəlsəfə doktoru, tanınmış rəssam S.Əliyev rastlaşdığı haqsızlıq və polis süründürməçiliyi ilə bağlı Azinforum.az saytı vasitəsilə daxili işlər naziri, general Vilayət Eyvazova şikayət ünvanlayıb. Alim öz şikayətində bildirir ki, 2021-ci ilin oktyabr ayında Ağayev Sahil Yusif oğlu adlı şəxs ona əsərlərinin internet vasitəsilə xaricə satacağına dair söz verib:

“Mən ilkin olaraq ona 550 manat verdim. Sonra o məndən hissə-hissə ümumilikdə 5.200 manat pul aldı. Şəkillərin satışı ilə bağlı heç bir nəticənin olmadığını və Sahilin mütəmadi şəkildə mənə yalanlar danışdığını gördükdə aldadıldığımı anladım. Ondan verdiyim pulları geri tələb etdim, qaytaracağına söz versə də, yenə məni aldatmağa başladı. Son ümid yeri kimi polisə müraciət etmək qərarına gəldim. İlk dəfə 17-ci polis bölməsinə şikayət verdim. Şikayəti Ruslan adlı tədqiqatçı qəbul etdi. Bir həftə sonra işin araşdırması Vəzirə adlı xanım tədqiqatçıya tapşırıldı. Bir aydan sonra Vəzirə xanım məni polisə dəvət etdi və 1500 manat verərək dedi ki, qalanını da Sahil hissə-hissə ödəyəcək. Amma ödəmədi. Çoxsaylı şikayətlərimdən sonra iş göndərildi Nərimanov Rayon Polis İdarəsinə. İşi verdilər Aqil Qasımov adlı müstəntiqə. Burada da iş uzandığı üçün getdim Polis İdarəsinin rəisinin yanına, şikayətimi ona çatdırdım. Bundan sonra işi göndərdilər Nərimanov Rayon Prokurorluğuna. Ordan yenə iş gəldi Nərimanov Polis İdarəsində müstəntiq Aqilin müəllimin üstünə. Bu yaxınlarda mənə polisdən məlumat verdilər ki, Sahili saxlayıblar. Ancaq bir neçə gün sonra Sahili təsadüfən yolda gördüm. Mənə məlum oldu ki, onu buraxıblar.

Alimi aldadan Ağayev Sahil Yusif oğlu

Cənab nazir! Hesab edirəm ki, mənə məlum olmayan hansısa səbəblərə görə polis onunla olduqca mülayim davranır. Buna görə də Sahil pulu ödəməklə bağlı öz öhdəliyindən yayınır. Axı bu adamı niyə saxlayıb, niyə buraxırlar? Mən əmək haqqı ilə dolanan ziyalıyam. O pulları da faizlə götürüb Sahilə ödəmişəm. Borcum ikiqat qalxıb. Çox xahiş edirəm ki, bu işin obyektiv araşdırılması üçün Nərimanov Polis İdarəsinə lazımi göstərişi verəsiniz”.

Qeyd edək ki, alimə qarşı dələduzluq edən bu şəxs eyni zamanda “Unibank”ın adından saxta ödəniş qəbzləri düzəldərək, güya xarici şirkətə ödəniş etdiyi görüntüsünü yaradıb.


Azinforum.az olaraq işin istinaqını aparan Aqil Qasımov adlı müstəntiqlə əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirdi ki, icraatında həqiqətən belə bir iş var: “ Biz Sahili saxladıq. Amma polis orqanı olaraq onu 48 saatdan artıq saxlamağa ixtiyarımız yoxdur. Buraxmağımızın səbəbi bununla bağlıdır. Sahil Ağayevlə bağlı Cinayət Məcəlləsinin 178.1 maddəsi ilə cinayət işi qaldırılıb və yaxın zamanlarda baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək”.
Şikayətçi alim həmçinin bildirdi ki, Sahil Ağayevin aldatdığı şəxslərin əhatə dairəsi çox böyükdür. Onun əməlindən zərərçəkənlərin hamısından Nərimanov Polis İdarəsinə müraciət etməyi məsləhət gördü.

Azinforum.az