Statistika Komitəsi: Azərbaycanda inflyasiya 12,2%-ə enib
2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda inflyasiya 2022-ci ilin yanvar-iyul aylarına nisbətən 12,2 faiz təşkil edib. Bu isə ötən aya nisbətən 0,5% azdır.
Bu barədə avqustun 10-da Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, istehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 114,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 111,0 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 faiz təşkil etmişdir. 2023-cü ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,3 faiz, əvvəlki ilin iyul ayına nisbətən 109,4 faiz təşkil edib.
2023-cü ilin iyul ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 98,5 faiz, əvvəlki ilin iyul ayına nisbətən 109,7 faiz təşkil edib.
Məlumata görə bəzi ərzaq qiymətlərində ucuzlaşma baş verib, digərlərinin qiymətlərində isə ciddi dəyişikliklər baş verməyib.
Komitədən bildirilib ki, iyul ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma, taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşıma xidmətlərinin və respublikadan kənara istirahət turlarının qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.