İran və Azərbaycan arasında "buzlar ərimir"
"İran İslam Respublikası hələ də Azərbaycana səmimi münasibət bəsləmir".
Bunu politoloq Samir Hümbətov Cebhe.info-a şərhində Azərbaycanın Tehranda səfirliyinin yaxın zamanda açılıb-açılmayacağı ilə bağlı suala cavablandırarkən bildirib.
Onun sözlərin görə, İran-Səudiyyə Ərəbistanı və İran-Azərbaycan münasibətləri arasında ciddi fərqlər var:
"Səudiyyə Ərəbistanın Tehrandakı səfirliyinin bağlanmasının əsas səbəbi Ər-Riyadın bu ölkədəki səfirliyinə hücum ilə bağlı olub. Eyni zamannda, Səudiyyə Ərəbistanında İrana bağlı olan tanınmış şiə din xadimi Nimr-əl-Nimrin edam olunması Tehranı çox qəzəbləndirmişdi. Bu iki hadisə İran-Səudiyyə münasibətlərini sonlandırdı. İki dövlət arasında münasibətlərin gərginləşməsində məhz bu iki fakt əsas rol oynayıb.
İran-Azərbaycan münasibətlərində gərginliyə gəlincə isə, burada vəziyyət fərqlidir. Xatırladım ki, bu ilin yanvarın sonunda Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədilib.
Bu terror aktının araşdırılması və bu terrorun arxasında duran təşkilatçıların müəyyən edilməsi istiqamətində hələ də ciddi iş aparılmayıb. İranda aidiyyəti orqanları bilərəkdən bu məsələyə laqeyd yanaşırlar. Bununla bərabər, bu hadisəyə görə Tehran hələ də rəsmi şəkildə Azərbaycandan üzr istəməyib. Əslində İranın dövlət rəhbərliyi ölkəmizdən üzr istəməli idi. Ona görə də İranın Səudiyyə Ərəbistan və Azərbaycanla münasibətlərində gərginliyin səbəbləri müxtəlif səbəblərdən qaynaqlanır".
Politoloqun sözlərinə görə, yaxın zamanda Azərbaycanın Tehrandakı səfirliyinin yenidən açılması qeyri-mümkündür:
"Düşünmürəm ki, Azərbaycanın İranda səfirliyi tez bir zamanda fəaliyyətə başlasın. Çünki bir müddət öncə Azərbaycanın dövlət rəhbəri İlham Əliyev bildirib ki, İran tərəfindən Azərbaycanın tələbləri yerinə yetirildiyi təqdirdə bu məsələyə diqqət yetiriləcək. Azərbaycanın tələbləri isə konkretdir. Yəni ölkəmizin səfirliyində terror aktını təşkil edən ünsürlər müəyyən edilib məsuliyyətə cəlb olunmalıdır.
Təəssüf ki, İranda aiddiyyəti orqanların bu istiqamətdə addımlar atmasını görmürük. Belə olan halda Tehranda ölkəmizin səfirliyinin yaxın zamanda fəaliyyətə başlaması inandırıcı görünmür".
Azərbaycan-İran münasibətlərinin normallaşması üzrə iki dövlət arasında aparılan danışıqlarda ab-havaya toxunan Samir Hümbətov vurğulayıb ki, hazırda ikitərəfli əlaqələrin normallaşmasına yönələn ciddi irəliləyişlər yoxdur:
"Hazırda danışıqlarda yalnız kosmitik irəliləyişləri görürük. Arxa planda proses acınacaqlı vəziyyətdə olduğu kimi qalır. Məsələn, Hindistan İran üzərində Ermənistana ağır silahlar ötürür. Bu, İran-Azərbaycan münasibətlərinin normallaşması üçün xoş hal deyil".