Sosial şəbəkədə biz:

“Əsas odur ki, Qarabağda qalan ermənilər çox pul qazansın və yaxşı yaşasınlar”

25 September 2023, 17:04
Gündəm

"Hər şey insanlardan asılıdır. Mən kiminləsə mehriban da danışa bilərəm, acılaya da bilərəm. İndi iki tərəf var; ermənilər və Azərbaycan hökuməti. Azərbaycan tərəfi bütün dünyaya elan edib ki, biz erməni əsilli insanlara öz vətəndaşlarımız kimi yanaşırıq, onların dinc yaşaması üçün əlimizdən gələni etməyə hazırıq. Yevlax görüşündə erməni nümayəndələrinə onların Azərbaycan xalqına yenidən qovuşmaq planları təqdim edilib, onlar da qayıdanda öz əhalisinə bunu deyiblər..." 

Bu sözləri Yenisabah.az-a tanınmış politoloq Zərdüşt Əlizadə deyib. O, Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiya prosesini şərh edib:

"Biz anlamalıyıq ki, onlar azərbaycanlılardan 35 il qorxub və nifrət hissi ilə yaşayıblar. Birdən-birə möcüzə baş verə bilməz ki, hər şey yaxşı olsun.

Qarabağ əhalisi 3 qismə bölünür: bir qisim deyir ki, biz ölərik, amma azərbaycanlılarla birgə yaşamarıq, onlarla vuruşmalıyıq. 19-u keçirilən əməliyyatlardan sonra qırılan qırıldı, qalanları da çıxıb gedirlər, deyilənə görə, indiyə qədər 3 min insan Qarabağı tərk edib. İkinci qisim ermənilər deyir ki, mən azərbaycanlılarla yaşamaq istəmirəm, mülkümü satıb 5-10 manatımı alıb gedib başqa yerdə yaşayacağam. Lakin onların bunu etməsi üçün Asan Xidmətdə qeydiyyatdan keçməlidirlər ki, halal mülklərini sata bilsinlər. Bundan sonra azərbaycanlı alıcı tapıb mülkü satıb çıxıb getməlidirlər. Və ya Azərbaycan hökuməti onlara mal-mülklərinə görə pul verməlidi və yola salmalıdır ki, dünya görsün ki, biz onların mülklərini qəsb etməmişik. Bunu etməliyik ki, onlar sonradan şüvən qaldırmasınlar ki, bizim mal-mülkümüzü Azərbaycan taladı, bizi qovdu filan. Bunun üçünsə rəsmi sənədləşmə olmalıdır". 

O bildirib ki, həm Qarabağda yaşamaq istəyən, həm də istəməyənlər üçün şərait yaradılmalıdır:

"Elə ermənilər də var ki, onlar Azərbaycanda yaşamağa razıdır, qorxmurlar. Azərbaycan hökuməti elə etməlidir üç qismə bölünən ermənilərin hamısı istəyinə çatsın. Bu zaman yaşamaq istəməyənlər çıxıb gedəcək, mal-mülkünü satmaq istəyənlərə pul veriləcək və onlar çıxıb gedəcək, bizdən inciməyəcəklər. Bütün dünya da görəcək ki, biz onların istəyinə uyğun yaşamaq imkanı vermişik. Biz heç kəsi zorla saxlamırıq, hər kəs istədiyi yerdə yaşaya bilər. Mənə elə gəlir ki, bu gün köçüb gedənlər belə nə vaxtsa qayıdıb qalan mal-mülkünü satıb gedə bilər. Bu, bizə xeyirdir. Azərbaycan o qədər ayaq altında qalmayıb ki, kiminsə puluna, mal-mülkünə möhtac olsun.

Artıq Qarabağdakı ermənilərə dünən işıq verilib, bundan sonra qaz da, su da veriləcək. Bir azdan təqaüd məsələləri də həll olunacaq, Azərbaycan vətəndaşlığını qəbul edənlər üçün şərait yaradılacaq. Kim ki, 30 il Ermənistana işləyibsə, təqaüdü də Ermənistan onların bank hesabına köçürsün. Məsələn, o vaxt Yəmən İngiltərənin müstəmləkəsi idi, həmin vaxt orada işləyənlər, İngiltərə Yəməndən çıxdıqdan sonra belə İngiltərədən təqaüd alırdılar. Ermənistana işləmiş Qarabağ əhalisi də onlardan təqaüd almalıdır. Mən hesab edirəm ki, həlli olmayan heç bir məsələ yoxdur. Bütün məsələlər üçün müasir, demokratik dünyada müəyyən qaydalar var və biz də həmin qaydalara riayət etməliyik. 

Qarabağda yaşayan ermənilər arasında işləmək istəyənlərə də şərait yaradılacaq. Onsuz da Qarabağda böyük quruculuq, inşaat işləri gedir, işləmək istəyən ermənilər şirkətlərlə müqavilə bağlayıb buyurub işləyə bilərlər. Bir azdan yəqin ki, Şuşa kimi Xankəndinin marketləri də mallarla dolacaq, əsas məsələ odur ki, orada yaşayan ermənilər də çox pul qazansınlar və xərcləsinlər, yaxşı yaşasınlar. Bununla da hər iki xalqın 40 ildir gününü qara əskiyə bükən münaqişə bitmiş hesab olunacaq".