“Oğlanlarımıza bəylik kostyumu əvəzinə kəfən geyindirmək istəyən şəxslər...”
"Biz kinli millət deyilik, içimizdə olan kin deyil. İçimizdə olan dünyanın ədalətsizliyinə qarşı üsyandır, etirazımız onadır. 30 il torpaqlarımız işğal altında olanda, 20 mindən çox şəhidimiz olanda, 1 milyondan çox insanımız evindən qaçqın düşəndə, 4 minə qədər hələ də taleyindən məlumat almadığımız vətəndaşımız olanda dünya hara baxırdı?!"
Bu sözləri Yenisabah.az-a Xalq artisti Nurəddin Mehdixanlı deyil. Reinteqrasiya prosesinə görə narahatlıq keçirən vətəndaşlarımızdan danışan aktyor bunun heç də səbəbsiz olmadığını bildirib:
"Ermənilərin basdırdığı minalar üzündən bu günə kimi 400 günahsız insanımız həyatını itirib. Dünya bunu görmür, lakin erməniləri yazıq, əzablara düçar olmuş, əzilən kimi görərək hər kəsi ayağa qaldırır. İndiyə qədər onlar harada idi?!
Biz Allahın yaratdıqlarını Allaha görə sevərik, onlara heç bir zaman nə zülm etdik, nə də tikəsini əllərindən aldıq. Amma bizim başımıza bu qədər fəlakət gələndə özünü ədalət carçısı hesab edən ölkələr harada idiniz? Xalqımızı bu gün narahat edən, şübhədə saxlayan ermənilər yox, onların arxasında dayananlara, onları üstümüzə qısqırdanlara görədir. Xalq "görəsən, yeni bir oyun oynayacaqlarmı?" - deyə təşvişdədir, narahatlıq budur. Guya ermənilər 1905-ci ildə, 1918-ci ildə başımıza bəlalar gətirməmişdilər? Bundan sonra sovet rejimi bizi susdurdu, qılıncla başımızın üstündə dayandı və erməniləri gətirib torpaqlarımıza yerləşdirdilər. Biz onlarla birgə yaşayırdıq, hətta ermənilər Azərbaycanda yerli xalqdan daha çox haqqı olan zümrə kimi, yağ-bal içərisində yaşayırdılar, böyük vəzifələr tuturdular, deputat olurdular. O vaxt cinayət edən erməniyə bəraət verirdilər, amma cinayət qurbanı olan azərbaycanlını həbsə atırdılar. Biz bunları yaşamışıq, görmüşük, insanlar ona görə narahatdırlar. Biz məgər başqa xalqlara qucaq açmamışıq? İllər boyu nə qədər millət ölkəmizdə yaşayıb, biz kimə çörək verməmişik, ev sahibi etməmişik, soyuqda əlini qızdırmamışıq? Zatən millət olaraq ən böyük özəlliyimiz və gözəlliyimiz də budur. Amma bizim bu özəlliyimizdə sui-istifadə edib başımıza bəlalar gətiriblər. Biz o bəlaları yenidən yaşamaq istəmirik. Milləti narahat edən məhz budur".
Sənətçi azərbaycanlıların tarix boyu başqa millətlərlə normal şəkildə yaşadağını qeyd edib:
"Biz heç kimə "sizlə yaşamaq istəmirik, köçün gedin" demirik. Bizim başımıza yenidən bu bəlaların gəlməyəcəyinə kim zəmanət verə bilər? Hansı ölkə buna zəmanət verir? Birləşmiş Millətlər Təşkilatının Azərbaycan haqqında 4 qərarı vardı, onun birini yerinə yetirməyən ermənilər və onlara bir kəlmə deməyən qurumamı güvənək? Bizə Fransa, Rusiya, İngiltərə, Almaniya zəmanət verə bilərmi? Hansı ki, onlar bu gün terrorun və terrorçunun yanındadır.
Bu gün bizim xalqımızdan, ordumuzdan və Ali Baş Komandanımızdan başqa inanacağımız kimsə yoxdur! Minlərlə qurban vermişik yenidən vermək istəmirik! Niyə mənim millətimin balaları hər gün gedib minaya düşüb həlak olmalıdır? Bizi sevənləri hər zaman qorumuşuq, ocağımızın başında yer vermişik. Bu gün də ona hazırıq. Amma evimizdə gözü olmayana qapımızı açacağıq, süfrəmizə yeməyimizə zəhər qatmayanlar buyursunlar. Oğlanlarımıza bəylik kostyumu əvəzinə əvəzinə kəfən geyindirmək istəyən şəxslər bizim düşmənimizdir. Bunun əksini etmək istəyənlər gəlsinlər. Qapımız açıqdır. Bizim qapımız dosta açıq, düşmənə qapalıdır!"