Sosial şəbəkədə biz:

“İlham Əliyev Allahın seçdiklərindəndir” – Deputat

12 October 2023, 17:08
Gündəm

“Azərbaycan Respublikasının prezidenti kimi fəaliyyətinin 20-ci ildönümünü qeyd etdiyimiz İlham Əliyevin uzun illər müşahidə etdiyim bəzi vəziyyətləri barədə 1987-ci ildən siyasətdə olan bir şəxs kimi mən də bəzi fikirlərimi demək istəyirəm. O, Allahın seçdiklərindən və sevdiklərindəndir”.
Bunu bu gün Milli Məclisin İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümünə həsr olunmuş iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini deputat Qüdrət Həsənquliyev deyib.
“Yalnız Allahın köməyi ilə bugünki uğurlara imza atmaq olardı. Onun siyasətçi kimi ən üstün xüsusiyyəti insanlarla ünsiyyət qurmaq, onların etibarını qazanmaq bacarığıdır. Məhz bunun nəticəsində o, dünyanın bir çox liderlərini Azərbaycanın dostu və müttəfiqi etmiş, sözünü tutan siyasətçi kimi ölkəmizə etibarlı tərəfdaş imici qazandırmışdır.
Geosiyasi vəziyyəti düzgün qiymətləndirmək, ölkəmizin əlverişli coğrafi mövqeyindən səmərəli istifadə etmək qabiliyyəti ona ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən bir çox transmilli layihələri həyata keçirmək imkanı vermiş, Azərbaycan şimal-cənub, şərq-qərb nəqliyyat xətlərinin keçdiyi qovşağa çevrilmişdir.
Onun türk dövlətlərinin birliyinin yaranmasındakı rolunu da xüsusi qeyd etmək istəyirəm.
İnanıram ki, İlham Əliyev daxili siyasətə kənar təsirlərin mövcudluğunu və xalqımızın sosial inkişaf indeksini, demokratik vərdişlərin inkişaf səviyyəsini nəzərə alaraq, ölkəmizi onun varlığını şübhə altına ala biləcək siyasi təlatümlərdən qorumaq üçün ayağını əyləcə qoyub bəzi prosesləri ləngitməklə, səbrlə geniş islahatlar üçün əlverişli regional geosiyasi vəziyyətin yaranmasını gözləməkdədir. İnşallah uca Tanrı həm ona, həm də bizlərə həmin islahatların həyata keçirilməsində iştirakçı olmağı da nəsib edər. İlham Əliyevin xarici siyasətdə çevik, cəsarətli, vaxtında müdrik qərarlar qəbul etmək qəbiliyyəti hər kəsi Azərbaycanın qanuni maraqlarını nəzərə almağa məcbur etmişdir. Bu keyfiyyətləri ilə o, Azərbaycan Silahlı Qüvvələrinin düşmənlə təkbətək qalmasını və torpaqlarımızın işğaldan azad olunmasını təmin edən möhtəşəm qələbəmizi təmin etdi.
Onun 20 illik fəaliyyətinin nəticəsi işğaldan azad edilmiş Qarabağ, region üçün yaradılmış sülh və əməkdaşlıq imkanlarıdır.
Biz hökumət üçün icrası məcburi olan qərarlar qəbul edə bilmərik. Amma qələbəmizin əsas müəllifi kimi İlham Əliyevin adının əbədiləşdirilməsi haqqında qanun qəbul edə bilərik. Həmin qanunda Xankəndidə onun adını daşıyacaq möhtəşəm bir məscidin, əvvəllər təklif etmişdim ki, belə bir məscid Şuşa şəhərində tikilsin, Qarabağda yeni bir şəhərin salınması da nəzərdə tutula bilər”, - deputat deyib.